Ötən ilin dekabrında Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlərin etiraz aksiyasında həbs edilənlərdən xəbər var.
Onların həbs qərarından verdikləri vəsatətlərə sabah, martın 9-da Cəbrayıl rayon Məhkəməsində baxılmalıdır.
Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.
E.Sadıqov deyir ki, vəsatətlərdə bu şəxslər barədə seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istənilir: «Ancaq mən bu şəxslərdən Cəlal Quliyevin vəkiliyəm. Qalan 4 şəxs öz hesablarına vəkil tuta bilməyib. Həbs edilən digər 4 nəfərin də vəkilliyini üzərimə götürmək istədim, ancaq istintaq buna razı olmadı ki, yalnız bir nəfərin vəkili ola bilərəm. Odur ki, qalan 4 şəxsin vəkil problemi var».
XATIRLATMA
Dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər.
Aksiyanın ardınca - dekabrın 23-də etirazlarda iştirak edənlərdən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanıblar. Onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürülüb.
Dekabrın 24-də isə digər qəsəbə sakinləri Ülvi Quliyev və İlkin İsgəndərova eyni ittihamlar verilib. Saxlanan şəxslər barəsində məhkəməyə qədər həbs qərarı çıxarılıb.