Ötən ilin dekabrında Biləsuvarda məskunlaşan Cəbrayıl rayondan olan məcburi köçkünlərin etiraz aksiyasında həbs edilənlər azadlığa buraxılmayıblar.
Cəbrayıl rayon Məhkəməsi martın 9-da onların ev dustaqlığına buraxılmaları barədə vəsatəti təmin etməyib.
Bu haqa AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib: «Rayon məhkəməsi vəsatətin təmin olunmamasının səbəbi barədə heç nə bildirmir. Sadəcə yazır ki, vəsatətə baxılıb və təmin olunmaması qərara alınıb».
Vəkil qeyd edib ki, rayon məhkəməsinin bu qərarından apellyasiya şikayəti verməyə hazırlaşır.
E.Sadıqov həmin vaxt həbs edilən 5 məcburi köçkündən birinin, Cəlal Quliyevin vəkilidir.
XATIRLATMA
Ötən il dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər.
Aksiyanın ardınca - dekabrın 23-də etirazlarda iştirak edənlərdən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanıblar. Onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürülüb.
Dekabrın 24-də isə daha iki köçkünə Ülvi Quliyev və İlkin İsgəndərova eyni ittihamlar verilib. Saxlanan şəxslər barəsində məhkəməyə qədər həbs qərarı çıxarılıb.