Hesablama Palatası Siyəzən rayonunda büdcə vəsaitlərinin xərclənməsində nöqsanlar aşkar etdiyini bildirir.
Bu haqda palatanın martın 10-da yayılan məlumatında yazılır.
Nöqsanların rayonun İcra Hakimiyyətinə 2013-2015-ci illərdə büdcədən ayrılmış vəsaitlərin auditi zamanı üzə çıxdığı qeyd edilir.
Palata bildirir ki, audit ümumilikdə 9 milyon 457,8 min manat vəsait əhatə edib. Həmin vəsaitlər orta məktəblərin, avtomobil yollarının tikintisi, əsaslı təmiri, İcra Hakimiyyəti inzibati binasının tikintisi və rayonda sosial-iqtisadi inkişafın sürətləndirilməsinə xərclənib.
Buna da bax: Heydər Əliyev Mərkəzinin maliyyə mənbəyi təkcə dövlət büdcəsi deyil
Verilən məlumata görə, müəyyən edilib ki, tikinti işləri zamanı nöqsanlara yol verilib. Vəsaitlər xərclənsə də, yolların tikintisi, təmiri, tarix-mədəniyyət abidələrinin bərpası, səhiyyə müəssisələrin əsaslı təmiri işləri tam başa çatdırılmayıb.
Məlumatda həmçinin qeyd edilir ki, Siyəzən-Məşrif və Siyəzən-Məşrif-Dağquşçu kənd avtomobil yollarında dağılmalar olub.
Masallıda yoxlamalar...
Hesablama Palatası 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-sentyabr aylarında Masallı rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin auditinin nəticələrini də ictimaiyyətlə bölüşüb.
Buna da bax: Palata Mədəniyyət nazirliyində də nöqsan aşkarlayıb
Audit 6 qurumda həyata keçirilib və ümumilikdə 4,4 milyon manat məbləğində vəsaiti əhatə edib.
Məlumata görə, auditlə müəyyən edilib ki, küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərcləri üzrə təqdim olunmuş proqnoz bu sahəni tənzimləyən müvafiq normalara uyğun müəyyən edilməyib.
Üstəlik, yolların əsaslı təmiri, abadlaşdırma xidmətləri haqqının ödənilməsində işlərin dəyərinin və həcmlərinin artırılması hallarına yol verildiyi bildirilir.
Buna da bax: Nəzarət olunacaq iri dövlət şirkətlərinin sayı artır
Palata hər iki rayonda aparılmış auditin nəticələri ilə bağlı qərar qəbul edib. Həmin qərarda nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.
Ancaq Siyəzən və Masallı rayon İcra Hakimiyyətləri Palatanın bu açıqlaması ilə bağlı hər hansı bir mövqe bildirməyiblər.