Bu gün, martın 14-də Nəsimi rayon Məhkəməsi Biləsuvardakı etiraz aksiyasında saxlanılan məcburi köçkünlərin həbs müddətinin artırılması barədə prokurorluğun təqdimatına baxıb.
Məcburi köçkünlər barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə müstəntiq vəsatətlə, baş prokurorunun birinci müavini Rüstəm Usubov isə təqdimatla məhkəməyə müraciət edib.
Məcburi köçkünlərin vəkili Elçin Sadıqov məhkəmədəki çıxışında onların həbsdə saxlanmasının qanunsuz olduğunu bildirib. Vəkil deyib ki, həbs müddətinin artırılmasından ötrü gərəkli hüquqi əsaslar yoxdur.
Buna da bax: Biləsuvarda etiraz aksiyası olan qəsəbələrə qaz çəkilib
“Qanuna görə, ibtidai həbs müddətinin uzadılması üçün 4 səbəbdən biri mövcud olmalıdır. Həbs müddətini artırmaqdan ötrü şəxsin gizlənmə, iş üzrə həqiqətin aşkara çıxarılması prosesinə mane olma təhlükəsi real sayılmalıdır. Eyni zamanda, şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq və ya ictimai asayişi qorumaq zərurəti mövcud olmalıdır. Bu işdə həbs müddətini artırmaqdan ötrü həmin zəruri əsasların heç biri mövcud deyil”, vəkil deyib.
O, vəsatət və təqdimatın rədd edilməsini, yetərincə ağır ittihamlara məruz qalmış köçkünlərin azadlığa buraxılmasını istəyib.
Ancaq vəkilin tələbi təmin edilməyib. Məcburi köçkünlərin həbs müddəti daha iki ay uzadılıb.
Buna da bax: Aksiyada tutulan köçkünlər buraxılmadı
E.Sadıqov rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
XATIRLATMA
E.Sadıqov Biləsuvarda həbs edilən 5 məcburi köçkündən birinin, Cəlal Quliyevin vəkilidir. Baş Prokurorluq onun eyni işdə 1-dən artıq şəxsə vəkillik etməsini qəbul etməmişdi.
Ötən il dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər.
Buna da bax: 'Biləsuvardakı aksiyada həbs edilənlərin vəkilə ehtiyacı var'
Aksiyanın ardınca - dekabrın 23-də etirazlarda iştirak edənlərdən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanmışdılar. Onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürülüb.
Dekabrın 24-də isə daha iki köçkünə Ülvi Quliyev və İlkin İsgəndərova eyni ittihamlar verilib. Saxlanan şəxslər barəsində məhkəməyə qədər həbs qərarı çıxarılıb.