Aprelin 10-dan mayın 10-na qədər Bakıda şoppinq-festival keçiriləcək.
Bu barədə martın 16-da mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.
İkinci belə festival bu ilin oktyabrında keçirilməlidir
Ə.Qarayevin deməsinə görə, festival dövründə Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə və Gürcüstandan turist axını gözlənilir.
Şoppinq-festivallar sayəsində Azərbaycana əlavə 200-250 min turist gələcəyinə ümid edirlər.
Buna da bax: "Gözütox olmağı xalqdan yox, məmurlardan tələb etməliyik"
Festivallarda, alınan malın dəyərindən əlavə dəyər vergisinə (ƏDV) bərabər məbləğin alıcılara qaytarılacağı bildirilir. Bu qayda yalnız Bakıda xüsusi qeydiyyatı olan və fərqlənmə nişanı almış mağazalarda tətbiq olunacaq.
Festivalda iştirakdan ötrü yalnız ƏDV ödəyicisi olan mağaza sahibləri müraciət edə bilərlər. Başqa sözlə, sadələşdirilmiş sistemlə vergi ödəyən sahibkarlar şoppinq-festivalın iştirakçısı ola bilməzlər.
Minimum qeydiyyat dəyəri 1100 manatdır
Nazir qeyd edib ki, ƏDV qaytarılacaq mallar kateqoriyasına ərzaq məhsulları, avtomobillər və digər aksiz məhsulları aid deyil.
“İki şopping-festivalın təşkilinə 1,5 mln. manat xərclənməsi nəzərdə tutulur. Festivallardan gəlirin 50 mln. manat səviyyəsində olacağı proqnozlaşdırılır”, deyə Qarayev bildirib.
Buna da bax: Festivallarda alınan mallara görə ƏDV-nin qaytarılma qaydaları
Xatırlatma
2016-cı ildə prezident İlham Əliyev “Turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında” sərəncam imzalamışdı.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılırdı ki, Bakı şəhər icra hakimiyyəti ilə birlikdə hər il Bakıda şoppinq festival təşkil edilsin.
Əcnəbilərə ƏDV-nin qaytarılmasına Azərbaycanda ötən ildən başlanıb.
Bu “Taxfree” mexanizmdir.
Bu, xarici vətəndaşların aldığı istehsal, yaxud kommersiya məqsədlərindən ötrü nəzərdə tutulmayan mallara görə, ödədiyi əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmidir. İlk olaraq Vergilər Nazirliyi “Formula-1” yarışlarında öncə, bu mexanizmin tətbiq edildiyini açıqladı.
Buna da bax: Vergi daxilolmaları azalıb
Bundan sonra prezident ötən il iyulun 12-də “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzaladı.
Fərmana əsasən, əcnəbilərə ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu il fevralın20-də isə prezident ticarət festivalları dövründə fiziki şəxslərin Azərbaycanda aldığı istehsal, yaxud kommersiya məqsədlərindən ötrü nəzərdə tutulmayan mallara görə, ödədiyi ƏDV-nin qaytarılması qaydasını təsdiq edib.