«Müsəlman Birliyi» Hərəkatının üzvü, Nardaran hadisələrindən sonra 20 il həbs edilən Abbas Hüseynovun işgəncə iddialarını Avropa İnsan Haqları Məhkəməsi araşdıracaq.
Bu haqda A.Hüseynovun vəkil Fariz Namazlı bilgi verib.
Vəkilin bildirdiyinə görə, A.Hüseynovun işgəncə iddiaları ilə bağlı yerli hüquq-mühafizə qurumlarının, məhkəmələrin qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.
Müdafiə tərəfi hesab edir ki, sözügedən işdə milli müdafiə vasitələri - prokurorluq və məhkəmələr A.Hüseynovun şikayətini qanuni araşdırmayıblar.
Öncə Baş Prokurorluq 2016-cı ilin iyununda işgəncə iddiasının araşdırılması ilə bağlı cinayət işinin başlanmasından imtina edib. Ardınca isə həmin qərardan verilən şikayətləri Səbail rayon və Bakı şəhər apellyasiya məhkəmələri rədd edib.
Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətdə vurğulanır ki, yerli qurumlar, məhkəmələr A.Hüseynova münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncənin qadağan olunması) maddəsini pozublar. Bundan başqa, ölkə daxilində Konvensiyanın 13-cü (Səmərəli müdafiə vasitələri hüququ) maddəsinin də pozuntusuna yol verildiyi bildirilir.
Avropa İnsan Hüquqları Məhkəməsindən qeyd olunan hüquqların pozuntusunun tanınması, pozulmuş hüquqlara görə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarılması istənilir.
XATIRLATMA
2015-ci il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran olayları ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.
Daha yüngül maddələrlə ittiham edilənlərə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib.
Qətl və ağır cinayətlərdə ittiham edilən 18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib.
Abbas Hüseynov 20 il həbs cəzası alıb
Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Onlar da silahlı iğtişaş və başqa ağır cinayətlərdə ittiham edilirlər. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər. Onlar bildirirlər ki, saxlanarkən və həbs prosesində ifadələr alınarkən amansız işgəncələrlə üzləşiblər. Ancaq məhkəmədə şahid qismində dindirilən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları işgəncə şikayətlərini yalanlayıblar.