XİN Serzh Sargsianı pislədi

Serzh Sargsian. Yerevan, 28yan2017

“Ermənistan prezidenti bu ölkənin silahlı qüvvələrini xristianlığın keşikçiləri adlandıraraq, münaqişəyə dini çalar verməyə cəhd edib. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında iştirakını və bu xüsusda özünün fərdi məsuliyyətini qəbul edib. Ermənistan prezidenti bəyan edib ki, 2016-cı il aprel döyüşləri gedişində “cavab hücumuna keçmək əmri verib”.

Xarici İşlər Nazirliyinin ATƏT üzvü olan dövlətlərə və bu qurumun Daimi Şurasının sədrinə ünvanladığı məktubda belə yazılır.

Məktub Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi hərbi təlimlər və bu ölkənin prezidentinin səsləndirdiyi bəyanatlarla bağlıdır.

Buna da bax:​ 'Iqla' Ermənistana necə keçib? Gürcüstan susur

Məktubda bildirilir ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində genişmiqyaslı hərbi təlimlər keçirib. Ermənistan prezidentinin həmin təlimlərə şəxsən qatılıb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdid məzmunlu təxribatçı bəyanatlar verib.

“Ermənistan prezidentinin bəyanatı atəşkəsdən ötrü baza sənədi olan Bişkek Protokolunun pozulmasının aydın göstəricisidir. Bunun müqabilində Ermənistan işğal olunmuş ərazilərdə hərbi mövqelərini möhkəmləndirir və genişləndirir. Hərbi avadanlıq və vasitələri işğal edilmiş ərazilərə ötürür”, məktubda deyilir.

Məktubda bildirilir ki, Serj Sarkisyan-ın (Serzh Sargsian) bəyanatı onun real niyyətini və danışıqlar yolu ilə münaqişənin həll edilməsində Ermənistanın maraqlı olmadığını açıq-aydın göstərir:

Buna da bax:​ MN: 'Ermənistan rəhbərliyi öz əhalisi haqqında düşünsün'

“Bu çıxış işğalı BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi ilə pislənmiş Azərbaycanın Ağdam rayonunda edilib”.

XİN hesab edir ki, Ermənistanın təxribatçı və təcavüzkar ritorikası Azərbaycana qarşı gücdən qanunsuz istifadənin davamının göstəricisidir.

“Ona görə də Helsinki Yekun Aktında da əks olunduğu kimi dövlətlərarası münasibətlərin baza prinsiplərinin kobud şəkildə pozulmasının qarşısının alınmasından ötrü ATƏT yekdil mövqe nümayiş etdirməlidir”.

XİN ATƏT-i Ermənistandan Azərbaycana təcavüzə son qoymasını, qoşunlarını çıxarmasını tələb etməyə çağırıb.

Buna da bax:​ Sarkisyan yenidən Qarabağda olub

Ermənistan prezidenti Serj Sarkisyan martın 25-i Dağlıq Qarabağa səfər edib.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə Qırğızıstan paytaxtı Bişkekdə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf çoxlu itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Ara-sıra hər iki ölkədən bir-birlərinin ünvanına təhdidlər də eşidilir.

Buna da bax: FP: 'Qarabağ danışıqlarını bərpa etmək asan iş deyil'

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.