ATƏT danışıqlara yeni təkan veriləcəyinə ümid edir

Sebastian Kurz

“Bu münaqişə dağıntılara, insan itkilərinə və əzablara səbəb oldu. Bu bizə açıq-aşkar xatırladır ki, hərbi mexanizm sülhün əldə olunmasına mane ola bilər”.

ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts-un (Sebastian Kurz) bu gün martın 31-də yayılmış bəyanatında belə yazılır.

ATƏT-in hazırkı sədri Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə danışıqlar prosesini bərpa etmək haqa çağırışına qoşulduğunu ifadə edib.

Buna da bax:​ İ.Əliyev: 'Azərbaycan Xalq Cümhuriyyəti Yerevanı Ermənistana bağışladı'

Bəyanatda aprel döyüşləri xatırladılır və qeyd olunur ki, ötən il qeydə alınmış zorakılıq son 20 il ərzində ən dəhşətlisi idi.

ATƏT sədri bəyanatda vurğulayıb ki, o danışıqlara yeni təkan veriləcəyinə ümid edir.

"Qarşılıqlı inamın bərpa olunmasından ötrü bütün diqqətləri praqmatik və praktiki addımlara yönəltməyin, eləcə də substantiv danışıqları bərpa etməyin vaxtı çatıb. Mən dəfələrlə qeyd etmişəm ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil. Biz, artıq indi sülhü planlaşdırmalıyıq və hərbi əməliyyatların bərpa olunmasına imkan verməməliyik", bəyanatda bildirilir.

Buna da bax:​ Levon Ter-Petrosyan “torpaqların Azərbaycana qaytarılmasından” danışıb

ATƏT-in Minsk qrupunun həmsədrləri martın 29-da regiona səfərlərinin yekunları ilə bağlı birgə bəyanat vermişdilər. Orada münaqişə edən tərəflər sülh prosesini davam etməyə çağırılırdı.

Xatırlatma

2016-cı il aprelin 2-dən 5-nə kimi cəbhə xəttində Azərbaycan və Ermənistan silahlı bölmələri arasında ağır döyüşlər gedib. Hər iki tərəfin itkilər verdiyi bildirilir.

Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Buna da bax:​ ATƏT-in Qarabağ təklifləri: "Mərhələli həll" variantı

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Münaqişənin dinc yolla nizamlanmasına ABŞ, Rusiya və Fransanın təmsil olunduğu ATƏT-in Minsk qrupu vasitəçilik edir.