Azərbaycan ilk “şopinq festival”a hazırlaşır. Şopinq festivalın təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) festivalda əlavə dəyər vergisinin (ƏDV) qaytarılması prosesi ilə bağlı yerli sahibkarlara müraciət edib.
Müraciətdə bildirilir ki, sahibkarlar ƏDV-nin qaytarılması üstünlüyündən yalnız o halda yararlana biləcəklər ki, festivalın rəsmi saytın da qeydiyyatdan keçmiş olsunlar.
“Festivalda alış-veriş zamanı tətbiq olunan ƏDV-nin qaytarılması sisteminə qoşulmaq üçün vətəndaşlar əvvəlcə BSF-nin rəsmi saytında və Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər. Bu iki qurumdan birində qeydiyyat aparılmadığı halda, həmin mağaza və ya digər sahibkarlar bu prosesə qoşula bilməyəcəklər”.
ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival – Tax Free” stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.
Sistemə qoşulmaq üçün tələb olunan qeydiyyat isə ödənişlidir.
Qeyd edək ki, aprelin 10-dan mayın 10-na qədər Bakıda ilk şoppinq-festival keçiriləcək.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev martın əvvəlində bildirmişdi ki, festival dövründə Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə və Gürcüstandan turist axını gözlənir.
Şoppinq-festivallar sayəsində Azərbaycana əlavə 200-250 min turist gələcəyinə ümid edirlər.
Nazir qeyd etmişdi ki, Azərbaycan iki şopping-festivalın təşkilinə 1,5 milyon manat xərcləməyi nəzərdə tutur. Gəlir gözləntisi isə 50 milyon manat səviyyəsindədir.
Xatırlatma
2016-cı ildə prezident İlham Əliyev “Turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb ki, Bakı şəhər icra hakimiyyəti ilə birlikdə hər il Bakıda şoppinq festival təşkil edilsin.