IV İslam Həmrəyliyi Oyunlarının təşkili, ölkədə inflyasiyanın, işsizliyin səviyyəsi və tibbi xidmətin keyfiyyəti bu gün medianın aparıcı mövzusudur...
BAKIDA İSLAM DÜNYASI BİRLƏŞİR
«Azərbaycan» qəzetində dərc edilən «İlham Əliyev islam dünyasını Bakıda birləşdirir» sərlövhəli məqalədə bu il mayın 12-dən 22-nə kimi paytaxtda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarından bəhs edilir.
Müəllif yazır ki, beynəlxalq idman oyunlarının təşkilində artıq Azərbaycan böyük təcrübə qazanıb.
Yazıda qeyd edilir ki, bu yarışlarda «Həmrəylik bizim gücümüzdür» devizi seçilib. Bu yarışların Azərbaycana etibar edilməsi onun uğurlarından xəbər verir: «Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan siyasət nəticəsində Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını və idmanın inkişafını təmin edib».
Müəllif xatırladır ki, prezident İlham Əliyev bu Oyunların təkcə idman deyil, həm də böyük siyasi və mədəni tədbir olduğunu diqqətə çatdıraraq, 2017-ci ili Azərbaycanda «İslam həmrəyliyi ili» elan edib: «Bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik».
Müəllif yazır ki, bu yarışlarla bağlı Bakıya 50-dən çox İslam ölkəsindən 4 minə kimi idmançı gələcək. «Bakı-2017»nin proqramına 22 idman növü daxil edilib.
MAAŞLARI «YEYƏN» İNFLYASİYA
«Exo» qəzetində «Azərbaycanda artırılan maaşları inflyasiya «yeyir»» sərlövhəli məqalə oxumaq olar.
Müəllif qeyd edir ki, manatla ifadədə ölkə əhalisinin gəlirləri artır. Amma dollara nisbətdə ölkədə orta aylıq maaş 2014-cü il ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb: «Maaşların artırılması həcmi o qədər azdır ki, bunu da inflyasiya «yeyir». İndiki iqtisadi durumda əmək haqlarının əhəmiyyətli dərəcədə artacağına da ümid yoxdur. Ölkə vətəndaşlarının bayram günlərində və ya ilin nəticələrinə görə pul mükafatı almaq gözləntiləri də qalmayıb».
Mövzu ilə bağlı qəzetə danışan ekspertlər vurğulayıblar ki, iqtisadi böhran başladıqdan bu yana bəzi şirkətlər bağlanıb, bəzi müəssisələrdə isə ixtisarlar aparılıb: «Düzdür, məmurlar həmişə bunun əksini sübut etmək istəyirlər. İndi tədrici ixtisarlar müşahidə edilir, az da olsa sahibkarlar «əlavə qüvvə»dən xilas olmaq istəyirlər».
Ekspertlərə görə, son illər ümumilikdə nə qədər adamın işini itirdiyi məlum deyil, rəsmi statistika bu haqda susur. Amma belə rəqəmlərin kifayət qədər yüksək olmasına şübhə edilmir.
Ekspertlər qeyd ediblər ki, iri investisiya layihələrinin sayının azalması ilə büdcə kifayət qədər ciddi dəyişikliklərə məruz qalıb və bu da əmək bazarına mənfi təsir göstərir: «Əmək bazarında durğunluq davam edir və bu da onunla bağlıdır ki, hökumət zamanında qabaqlayıcı tədbirlər görməyib. Hətta dövlət özü ölkədə real işsizlərin sayını bilmir».
NƏ QƏDƏR İŞSİZ VAR
«Bizim Yol» qəzetində çıxan «Adına torpaq olan işsiz sayılmır» sərlövhəli məqalədə işsizlik mövzusunun müzakirəsi davam edir.
Müəllif qeyd edir ki, rəsmi statistikaya görə, ölkədə cəmi 33 min nəfər işsiz statusu alıb.
Ekspert Natiq Cəfərli qəzetə deyib ki, rəsmi rəqəmlərlə reallıq arasında ciddi fərq var. Üstəlik, dünyada qəbul olunmuş işsizlik hesablama qaydaları ilə Azərbaycanda qəbul olunan qaydalar ciddi şəkildə fərqlənir: «Azərbaycanın bu statistikası rəsmi siyasətə, rəsmi ritorikaya cavab verir. Ona görə də, işsizlərin sayı hesablanarkən ancaq rəsmi şəkildə işsiz statusu alan şəxsləri qeydiyyata alırlar. O sayı da əsas gətirərək cəmiyyətdə işsizlik səviyyəsini hesablayırlar».
N.Cəfərliyə görə, ikinci ən böyük problem odur ki, bütün dünyada kənd təsərrüfatında çalışanların sayı ayrı götürülür. Azərbaycanda isə əksinə, kimin torpaq sahəsi varsa, onları işsiz kateqoriyasına aid etmirlər.
Ekspert deyib ki, o torpaq sahələrində çalışanların bir çoxu işsizdir. Üstəlik, bəzi torpaq sahələri sadəcə boş qalıb: «Odur ki, beynəlxalq praktikada qəbul olunmuş qaydalara uyğun olaraq, Azərbaycanda da işsizlik səviyyəsi hesablansa, təbii ki, rəsmi rəqəmlərdən dəfələrlə çox bir rəqəm alına bilər».
SƏHİYYƏDƏ GURULTULU BƏYANATLAR
«Novoye Vremya» qəzetində «Əlçatan və keyfiyyətli tibbi xidmət həmişə aktualdır» sərlövhəli məqalə diqqət çəkir.
Yazıda ölkə səhiyyəsinin mövcud durumu müzakirəyə çıxarılır.
Müəllif yazır ki, bir neçə gün öncə Qubada doğuş zamanı ana ölümü baş verib. Yazıda qeyd edildiyinə görə, artıq Azərbaycanda belə hallar adi qarşılanır: «Heç kəsə sirr deyil ki, bu ölümlərin səbəbi korrupsiya, həkim heyətinin qeyri-peşəkarlığı, bütünlükdə isə ölkədə səhiyyənin aşağı səviyyədə olmasıdır».
Yazıda qeyd edilir ki, imkanı olan ölkə vətəndaşı müalicədən ötrü xaricə gedir. Ölkə səhiyyəsinə cavabdeh olan şəxslər isə bəyan edirlər ki, Azərbaycanda tibb heç də Türkiyə və İrandan geri qalmır: «Hətta elələri var ki, Azərbaycan səhiyyəsinin Almaniya səhiyyəsindən üstün olduğunu bildirilər».
Yazı müəllifi bu günlərdə hökumət üzvlərindən birinin müalicə məqsədi ilə xarici ölkəyə aparılmasını ölkə səhiyyəsinin səviyyəsinin göstəricisi sayır: «Belə hallara görə biz deyirik ki, Azərbaycan və Almaniya səhiyyəsi arasında paralel aparmaq nəinki mümkün deyil, bu, hətta gülməlidir. Ölkə səhiyyəsinin hansı səviyyədə olmasını vətəndaşların xaricdə müalicə almaları göstərir».
Müəllif daha sonra yazır ki, son zamanlar həkim səhvləri artıb, dərmanlar, analizlər bahalaşıb: «Nə qədər ki, ölkədə tibbi sığorta və keyfiyyətli tibbi xidmət yoxdur, ölkə vətəndaşları bu xidməti xarici ölkələrdə axtaracaqlar».