Rusiyanın xarici işlər nazirliyi BMT Təhlükəsizlik Şurasının Suriyanın İdlib əyalətində kimyəvi hücumu pisləyən qətnamə layihəsini rədd edib.
AzadlıqRadiosunun məlumatına görə, nazirliyin sözçüsü Maria Zakharova aprelin 5-də bildirib ki, ABŞ, Böyük Britaniya və Fransanın hazırladıqları qətnamə layihəsi tamamilə qəbul edilməzdir və tələsik hazırlanıb.
“BMT-nin Təhlükəsizlik şurasındakı qətnamə layihəsi Suriyaya qarşıdır və bu Suriya və ümumilikdə regionda zorakılığn daha da artmasına səbəb ola bilər”,deyə Zakharova bildirib.
BMT-nin təhlükəsizlik şurası aprelin 4-də məsələylə bağlı növbədənkənar iclas çağırıb.
Aprelin 5-də şurada Suriyada kimyəvi silah işlədilməsini pisləyən qətnamə müzakirə olunmalıdır.
Qətnaməni ABŞ, Böyük Britaniya və Fransa hazırlayıb.
Aprelin 4-də Suriyanın İdlib şəhərində törədilən mümkün qaz hücumda ölənlərin sayı artıq 72 nəfəri keçib.
Qərb bu məsələdə Suriya rejimini,Rusiya isə üsyançıları günahlandırır.