1-3 aprel arası Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan animasiya filmlərinin sərgisi keçirilib. "Animasiya filmlərinin sehri" adlanan sərginin təşkilatçısı Çexiyanın Olomouts şəhərindəki Palatski Universitetində kinoşünaslıq ixtisası üzrə oxuyan azərbaycanlı gənc Rəşid Ağamalıyev və onun ixtisasca rəssam olan anası Olqa Ağamalıyevadır. Rəşid Ağamalıyev Oxu Zalına sərgini keçirmək ideyası və sərginin gedişatı haqda ətraflı danışıb.
Məqsəd Azərbaycan cizgi filmlərini çex uşaqlara və onların valideynlərinə, çex cizgi filmlərini isə azərbaycanlılara tanıtmaqdır.
Xatırladaq ki, bu Rəşidin Azərbaycan mədəniyyətinin təbliği sahəsində ilk işi deyil, o bundan öncə tarda ifa etməyi öyrənmək istəyənlər üçün youtubedə pulsuz tar dərsləri ilə bağlı layihə hazırlayıb.
Rəşid Ağamalıyev yeni layihəsinin ideyası haqda Oxu Zalına danışarkən deyir:
"Mən kinoşünasam, anam rəssamdır. O öz emalatxanasında uşaqlara rəsm çəkmək öyrədir. Animasiya filmlərini dərslərində material kimi istifadə edir. Layihəmizin konsepsiyası ondan ibarətdir ki, Azərbaycanda və ondan kənarda bu layihəyə maraq göstərən uşaqlar və valideynləri çex cizgi filmləri personajlarını öyrənsinlər, şəkillərini çəkib hazırlasınlar. Eləcə də Çexiyadan olan uşaqlar Azərbaycan cizgi filmləri qəhrəmanları ilə tanış olsunlar və bu personajları canlandırsınlar.
Layihəmiz hazır olandan sonra digər pedaqoqlara da bizə qatılmağı təklif etdik. Öz işlərinin ustaları sayılan pedaqoq-rəssamlar Vəfa Həşimova, İrina Qundorina, İnna Kostina və İrina Heybətova böyük maraq və məmnuniyyətlə layihəmizə qoşuldular".
"Animasiya filmlərinin sehri" sərgisində Azərbaycandan cizgi film rejissorları Elçin Hami Axundov, Məsud Pənahi də iştirak ediblər. Elçin Hami Axundov azərbaycan animasiyasının tarixi haqqında mühazirəsi oxuyub, Məsud Pənahi isə öz çəkdiyi "Tıq-tıq xanım" cizgi filmini təqdim edib. Həmçinin sərgidə iştirak edən çex rejissorlar Lutsiya Sunkova və Jan Bubenichek öz animasiya filmlərindən danışıb, filmlərini təqdim ediblər.
Üç gün davam edən sərgidə “Cırtdan” (1969), “Kirpi balası və alma” (1977) , “Cırtdan-pəhləvan” (1981), “Anam ağaca çıxıb” (1986), “İthaf” (1990), “Söhbətül-əsmar” (1994) kimi Azərbaycan cizgi filmləri göstərilib, həmçinin azərbaycanlı uşaqların hazırladığı animasiya filmi də təqdim olunub.
Çexiyada "Animasiya filmlərinin sehri" sərgisində azərbaycanlı uşaqların hazırladığı "Görüş" cizgi filmi.
Sərgi çərçivəsində həmçinin Azərbaycan cizgi filmlərinə həsr olunmuş kitab da çapdan çıxıb. Kitabda tanınmış azərbaycan kinoşünasları və yazarları Aygün Aslanova, Aliyə Dadaşova, Aydın Kazımzadə, Sevinc Elsevər, Dadaş Məmmədov, Leyla Novruzinin və Kəmalə Rzayevayla yanaşı xarici müəlliflərin azərbaycan cizgi film qəhramanlarına həsr edilmiş məqalələri çap olunub.
Buna da bax: Azərbaycanlı animator: Disney filmləri axı sizə nə pislik edib?
Rəşid Ağamalıyev həmçinin Azərbaycan animasiya filmlərinin indiki vəziyyəti haqda da fikirlərini Oxu Zalıyla bölüşüb.
O deyir ki, Azərbaycanda animasiya filmlərinə dövlətin demək olar ki, dəstəyi yoxdur. Çexiyada isə 3-4 universitlərində animasiya ixtisas üzrə oxumaq olar.
Rejissor Elçin Hami Axundov Mədəniyyət və Turizm Nazirliyinə bu barədə müraciət edib, hazırladığı "Milli Animasiyanın İnkişafına dair proqram"ı təqdim edib, animasiya kursları açmaq haqda təklifini verib, amma heç bir dəstək almayıb.
"Peşəkarlara da imkan vermirlər işləməyə. Tıq-Tıq xanım filminin rejissoru Məsud Pənahi 1979-cu ildə Almaniyaya mühacirət edib və bu günə gədər 63-ə yaxın animasiya filmi çəkib. Təcrübəsi çoxdur. 2015-ci ildə M. Pənahi şair Ramiz Rövşənlə birgə süjeti Azərbaycanın bu günkü reallığını əks etdirəcək “Tıq-tıq xanım” tammetrajlı cizgi filminin ssenarisini yazmaq qərarına gəlsələr də, təəssüf ki, bu layihə də Mədəniyyət Nazirliyinin marağına səbəb olmayıb. Bu film Azərbaycanın ilk tammetrajlı animasiya filmi ola bilərdi..." - Rəşid Ağamalıyev deyir.
Buna da bax: Gürcülər ilk 3D cizgi filmləri ilə dünyaya çıxırlar
Rəşid Azərbaycanda animasiya sahəsindəki ölgünlüyü bir az da hökümətin ölkəyə xarici fondları buraxmamasında görür və bu yaxında Gürcüstanda Avropanın Vishegrad Animasiya fondunun dəstəyilə çəkilmiş "Geno" animasiya filminin uğurunu nümunə gətirib. Belə ki, ilk 3D gürcü animasiyası olan "Geno" Fransanın Annecy şəhərində keçirilən nüfuzlu Beynəlxalq Kinoanimasiya festivalında göstəriləcək.
"Həmçinin artıq Gürcüstanda və Ermənistanda fəaliyyət göstərən "Eurimages" film fondu hələ ki, Azərbaycanda fəaliyyət göstərmir. "Eurimages" fondu animasiya böyük maliyə ayrılır. Təkcə 2017-ci ildə fondun animasiya filmlərinə dəstəyi 931 811 avro olub.
Azərbaycanda senzura da var. Məsələn üçün islam mövzusunda film çəkməyə icazə vermirlər, belə mövzulara pul ayrılmırlar".
- deyə Rəşid Ağamalıyev Oxu Zalına bildirib.