Bu gün, aprelin 10-da Bakıda Şopinq Festivalına start verilib. Açılış mərasimi İçərişəhərdə keçirilib.
“Bu Şopinq Festivalı həm xarici, həm də ölkə vətəndaşlarına mühüm imkanlar yaradır”, - açılış zamanı Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxməmmədov deyib.
Onun sözlərinə görə, 110-a yaxın mağaza festivala qoşulub. Festival çərçivəsində vətəndaşlar 50-yə yaxın restoran və mehmanxananın xidmətlərindən də istifadə edə biləcək.
Buna da bax: Bakıda 'şoppinq festival' na hazırlıq
O, məlumat verib ki, Vergilər nazirliyi vətəndaşların əlavə dəyər vergisini (ƏDV) geri almasından ötrü 7 alış-veriş mərkəzində xüsusi köşklər quraşdırıb.
Festival zamanı Azərbaycan vətəndaşları da xaricilər kimi tax-free sistemindən istifadə edə biləcək. Yəni onlar aldıqları mala görə, ödədikləri məbləğdən əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
Festival 1 ay - mayın 10-na qədər davam edəcək.
Buna da bax: «Tax free» hava limanından başlanacaq
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev martın əvvəlində bildirmişdi ki, festival dövründə Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə və Gürcüstandan turist axını gözlənir. Şoppinq-festivallar sayəsində Azərbaycana əlavə 200-250 min turist gələcəyinə ümid edirlər. Nazir qeyd etmişdi ki, Azərbaycan iki şopping-festivalın təşkilinə 1,5 milyon manat xərcləməyi nəzərdə tutur. Gəlir gözləntisi isə 50 milyon manat səviyyəsindədir.
Xatırlatma
2016-cı ildə prezident İlham Əliyev “Turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb ki, Bakı şəhər icra hakimiyyəti ilə birlikdə hər il Bakıda şoppinq festival təşkil edilsin.