Hacı Cavad məscidinə görə aksiya keçirənlər dağılışıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Dindarlar məscidin sökülməsinə etiraz edir

Ölkə başçısının Hacı Cavad məscidinin söküntüsünün dayandırılması və bu məsələnin araşdırılmasından ötrü xüsusi komissiyanın yaradılması barədə göstərişini dindarlar müsbət qarşılayıblar.

Bunu AzadlıqRadiosuna Hacı Cavad dini icmasının rəhbəri Kənan Əzizov bildirib. Onun sözlərinə görə, məscidin sökülməsinə etiraz edən aksiya iştirakçıları söküntünün dayandırılması və bu məsələnin həlli ilə bağlı komissiyanın yaradılması barədə qərar elan olunduqdan sonra dağılışıblar.

HACI CAVAD MƏSCİDİ SÖKÜLMƏYƏ BİLƏR

K.Əzizov qeyd edib ki, dünəndən (aprelin 12-si) hakimiyyətlə danışıqlar başlayıb və məsələnin həlli ilə bağlı bir neçə variant nəzərdən keçirilir.

Bunlardan biri Yasamal rayonu ərazisində yeni məscidin tikilməsidir.

Digər variant Hacı Cavad məscidinin yenidən qurularaq saxlanmasıdır.

K.Əzizov, eyni zamanda, məscidin qəzalı vəziyyətdə olması barədə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsinin bəyanatını təkzib edib.

XATIRLATMA

Dünən, aprelin 12-si Hacı Cavad məscidini sökməyə cəhd edilib. Əraziyə Yasamal rayon İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları gəlib. Ancaq məscidin daxilində və önündə dayanan yüzlərlə insan söküntüyə imkan verməyib.

Prezident İlham Əliyev isə aprelin 13-də inanclı insanların reaksiyasını nəzərə alaraq, məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Yerli camaatın bildirdiyinə görə, bu məscidi Hacı Cavad adlı tacir tikdirib. Məscidin giriş qapısının üstündə üç daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir. Bu, milad təqvimi ilə XIX əsrə düşür.