'Assad-ın Britaniya vətəndaşlığı alınsın'

Asma al-Assad və Bashar al-Assad

Britaniyada deputatlar hökumətdən tələb edirlər ki, Suriya prezidenti Bashar al-Assad-ın həyat yoldaşının Böyük Britaniya vətəndaşlığı ləğv olunsun. Səbəb də Asma al-Assad-ın ölkəsindəki altı illik vətəndaş müharibəsi dövründə ərinin hökumətini dəstəkləməsidir.

Parlamentin Liberal Demokratlardan olan üzvü Tom Brake aprelin 16-da Asma al-Assad-ı «barbar rejim»in müdafiəsində beynəlxalq profilindən yararlanmaqda suçlayıb.

Asma al-Assad keçmiş investisiya bankiridir, Assad-la 2000-ci ildə ailə qurub. O, Londonda suriyalı ailəsində anadan olub.

«Xarici işlər naziri Boris Johnson digər ölkələri Suriyayla bağlı daha çox iş görməyə çağırır. Amma Britaniya hökuməti də Asma al-Assad-a deyə bilər ki, ya barbar hərəkətləri müdafiə etməsin, ya da vətəndaşlığı alınacaq», – Brake söyləyib.

Hakim Mühafizəkarlar Partiyasından Nadhim Zahawi də eyni çağırış edib.

41 yaşlı Asma al-Assad sosial media hesablarında ərinin hökumətini tənqid edənlərə hücum çəkir.

Brake deyib ki, Daxili İşlər Nazirliyinə rəsmi məktub göndərərək onun vətəndaşlığının ləğvini istəyəcək. Amma bu qurumun vətəndaşlığın ləğvi səlahiyyətinin olub-olmaması tam aydın deyil.