“Ölkədə tibb güclü inkişaf edib. Ancaq müasir texnologiyalardan və metodlardan istifadə edə bilən həkimlərin sayı kifayət qədər deyil”.
Parlamentin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev ölkə səhiyyəsinin vəziyyətini dəyərləndirərkən belə deyib.
Deputat səhhətində problem yarandıqda, əksər məmurların müalicə məqsədi ilə xaricdəki səhiyyə müəssisələrinə üz tutmasına da toxunub.
“Bəlkə nazirin və ya digər məmurun Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəliyi var? Bəlkə onların dünyanın istənilən xəstəxanasından yardım almağa imkan verən tibbi sığortası var? Ölkədə tibb güclü inkişaf edib”, deyən M. Quliyev çatışmazlıqların olduğunu da qeyd edib.
Buna da bax: 'Azərbaycan və Almaniya səhiyyəsi arasında paralel aparmaq gülməlidir'
Peşəkarlığın çatışmaması…
Deputat daha sonra əlavə edib:
“Etiraf etmək lazımdır ki, xəstələrin müalicəsi zamanı müasir texnologiyalardan və metodlardan istifadə edə bilən həkimlərin sayı kifayət qədər deyil. Buna görə xəstələr xaricə getməyə üstünlük verirlər. Onların heç də hamısı məmur deyil”
Tibb üzrə ekspert, doktor Adil Qeybulla isə duruma fərqli yanaşır. Onun sözlərinə görə, Bakıda xəstələrin Almaniyaya, Türkiyəyə səfərlərini hüquqi olaraq rəsmiləşdirən və təşkil edən vasitəçi firmalar var.
Buna da bax: 'Səhiyyə nə gündədirsə, həbsxanalarda da durum eynidir' [video]
Öz imkanını nümayiş etdirmək istəyənlər də var
“Təəssüf ki, bizim məmurlarımızdan soruşmurlar ki, 26 illik müstəqillik dövrü ərzində Azərbaycanda necə tibb yaratmısınız ki, adi əməliyyat üçün Avropaya gəlirsiniz? Bu, ritorik sual deyil. Müalicədən ötrü xaricə getmək bizim nazirlərimizin və siyasətçilərimizin səhiyyə sisteminə, həkimlərin peşəkarlığına etibar etməməsinin təzahürüdür. Sıravi vətəndaşlar bunu məhz belə başa düşür”.
Ekspert digər səbəblər sırasında peşəkarlığı da göstərir.
“Mütəxəssislərin peşəkarlıq səviyyəsinin aşağı olması, müasir avadanlıqların çatışmazlığı, nəticə olaraq yanlış diaqnozlar və düzgün aparılmayan müalicə başqa səbəblərdir. Üçüncü səbəb öz imkanını nümayiş etdirmək istəyidir”, deyə ekspert izah edib.
Buna da bax: '50 min manat ver, ömürlük şikəst qal'
Rəsmi rəqəmlər
Rəsmi statistikaya əsasən, hər il 70 minə yaxın Azərbaycan vətəndaşı müalicə məqsədilə xaricə səfər edir. Marşrutlar çox müxtəlifdir – Hindistan, İsrail, Rusiya, Belarus, Çexiya, ABŞ, İran, Türkiyə, Gürcüstan...
Ən məşhur və “asan” ölkələr imkanlı xəstələrə Türkiyə, orta maliyyə imkanı olan insanlara Gürcüstan və İrandır.
Məmurların isə bir qayda olaraq müalicəyə xaricə getdikləri bildirilir.
Buna da bax: Belarus qonşu ölkələrin 'tibb cənnəti'nə çevrilir
Bu yaxınlarda baş nazirin səhhətində problemlər yaranmış müavini Abid Şərifov İsraildəki xəstəxanalarından birinə yerləşdirilmişdi.
Yerli medianın yazdığına görə, baş nazirin müavini orada əməliyyat olunub.