Dünya şöhrətli baletmeyster Sergey Gritsay Musiqili Teatrda tamaşa hazırlayır.
Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən AzadlıqRadiosu-na verilən xəbərə görə, yeni tamaşanın məşqləri uğurla davam edir.
Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” musiqili tamaşası beynəlxalq layihədir.
Buna da bax: İmre Kalmanın 'Silva'sı Musiqili Teatrda
Tamaşanın xoreoqrafı, Rusiya Federasiyasının plastika üzrə rejissoru, Dövlət mükafatı laureatı, baletmeyster Sergey Gritsay yeni səhnə əsərinin yaradıcı heyəti ilə fərdi və kollektiv məşqlər aparır.
Sergey Gritsay teatrın mətbuat xidmətinə “Balaca şahzadə”nin hazırlanmasıyla bağlı təklifin onun üçün qəfil və gözlənilməz olduğunu deyib və tamaşanın musiqisini çox bəyəndiyini vurğulayıb: “Bizim məqsədimiz elə bir tamaşa hazırlamaqdır ki, ailənin bütün üzvləri – böyükdən kiçiyə hamı ona baxa bilsin. İnanıram ki, sonda istəyimizə nail olacağıq. Çünki tamaşa iki fəlsəfi nöqteyi-nəzərdən hazırlanır. Uşaqlar üçün sadə, anlaşılan birinci qat və bunun arxasında dayanan və böyüklər üçün düşünülmüş ikinci qat”.
Buna da bax: Hollywoodun yeni parlayan ulduzu Ryan Gosling və ona uğur gətirən filmləri
Xəbərdə bildirilir ki, yeni səhnə əsərinin bəstəkarı Amerika Birləşmiş Ştatlarını təmsil edən, bir sıra beynəlxalq müsabiqələrin laureatı, həmyerlimiz Ruslan Ağababayev, quruluşçu rejissoru Cənnət Səlimova, rejissoru Nofəl Vəliyev, musiqi rəhbəri Vaqif Məstanov, quruluşçu rəssamı Məryəm Ələkbərli, konsertmeysteri Nərminə Əbdürrəhmanova, rejissor assistenti Sevinc Məmmədovadır. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova məxsusdur.
Tamaşada rolları Ələkbər Əliyev, Əkbər Əlizadə, Anton Ferştandt, Şövqi Hüseynov, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Emil Heydərov, Atəş Qarayev və iki azyaşlı aktyor - Rahib Məmmədov və Atilla Məmmədov ifa edirlər.