Sonuncu missiyasına yerinə yetirən «Cassini» kosmik aparatı Saturn planetinin halqalarının altına çatıb. 2017-ci il aprelin 26-da qaz nəhənginin səthi üzərindən uçarkən stansiya bəzi səslər qeydə alıb. NASA bu səsləri yayaraq bildirib ki, onlar elektromaqnit dalğalarını yaradan yüklənmiş hissəciklərdən qaynaqlana bilər.
Xırda buz hissəciklərinin çatlamasını, yaxud da stansiyanın antennasına dəyən toz hissəciklərinin səsini belə qeyd etməli olan "Radio and Plasma Wave Science instrument (RPWS )" adlı avadanlıq bunu edə bilməyib. Mütəxəssislər təəccüblə aşkar ediblər ki, Saturnun bulud qatının səthi ilə onun daxili halqası arasındakı məkan boşdur. Bu boşluq onlara şübhəli görünüb. Alimlər bu məkanı "the big empty" ("böyük boşluq") adlandırırlar. Alimlər bu sahədə çoxlu tozun olacağını gözləyir və hətta bu toz kütləsinin "Cassini"nin qurğularından birini sıradan çıxara biləcəyindən ehtiyat edirdilər.
Ancaq sonuncu dəfə qeydə alınan, Saturndan gələn səslər alimləri tədqiqatın yeni başladığı 15 il əvvəlki qədər təəccübləndirməyib.
İlk səslər 2002-ci ilin aprelində qeydə alınmışdı. O zaman «Cassini» Saturndan 374 milyon kilometr məsafədə idi. Tezlik diapazonu 50-500 kHz arasında olan səs siqnalları müxtəlif tonallığa malik idi.
Bu səslərin arasında ən çox nəzərə çarpanı 2004-cü il iyulun 25-də bilavasitə Saturnun halqalarının yaxınlığında qeydə alınıb. NASA mütəxəssisləri bu siqnalı insan qulağının eşidə biləcəyi tezlik diapazonuna çevirmişdi. Ancaq niyəsə NASA bu siqnalı dərhal yox, bir neçə ildən sonra ictimaiyyətin diqqətinə çatdırdı. Özü də bu siqnallar ictimaiyyətin diqqətinə çatdırılandan sonra çoxlu konspiroloji söhbətlər baş qaldırdı.
Həvəskarlar hətta yazılmış səslərin tonallığını bir neçə oktava sürüşdürdülər. Nəticədə səslər nitqə bənzəməyə başladı. Sanki hansısa qeyri-insani varlığın səsi idi. Çox dərinə gedənlər bu səslərdə hətta ayrı-ayrı sözləri sezməyə başladılar.
Əcayib səs yazılarını 8 milyondan çox adam dinlədi.
Həmin müəmmalı radiosiqnallar da yuxarıda adı çəkilən RPWS avadanlığının köməyilə tutularaq yazılıb. NASA bu siqnalları çox da ciddi qəbul etməyib. NASA mütəxəssisləri ehtimal edirdilər ki, elektromaqnit vibrasiyaları Saturnun qütb parıltısında baş verən sayrışmaların nəticəsi ola bilər. Başqa bir ehtimala görə bu səslər nəhəng planetin halqalarına zərblə dəyərək elektromaqnit sahələrində həyəcanlanmalara səbəb olan meteorlardan qaynaqlana bilərdi. Ancaq sonradan məlum oldu ki, bu səslərin mənbəyi Saturnun yaxınlığında idi.
Grand Finale planına görə "Cassini" stansiyası 2017-ci il sentyabrın 15-də Saturnun səthinə düşməlidir. Ancaq o vaxta qədər "Cassini" hələ 22 dəfə Saturnun buludları üzərindən uçaraq halqaların altındakı 2000 kilometrlik boşluğa daxil olacaq. Hər dəfə də biz planetin elektromaqnit sahəsi barədə yeni biliklər əldə edəcəyik. Ola bilsin ki, yeni səslər də olacaq.
Qeyd edək ki, "Cassini" ilk dəfə Saturnun halqaları üzərindən aprelin 26-da, ikinci dəfə isə mayın 2-də uçub.
Cassini-Huygens missiyası NASA, ESA (Avropa Kosmik Agentliyi) və İtaliya Kosmik Agentliyinin birgə layihəsidir. NASA-nın Kaliforniyanın Pasadena şəhərində yerləşən və eyni zamanda Kaloforniya Texnologiya Universitetinin şöbəsi kimi fəaliyyət göstərən Reaktiv Hərəkət Laboratoriyası (Jet Propulsion Laboratory - JPL) bu missiyanı idarə edir. "Cassini"nin orbitini məhz JPL dizayn edib, işləyib hazırlayıb və quraşdırıb.