Azərbaycan Milli Məclisinin bu gün, mayın 16-da keçirilən iclasında «Dini etiqad azadlığı haqqında» Qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, layihə barədə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Bununla QMİ-yə yeni səlahiyyət verilir.
Bununla indiyədək olan tam qadağa məhdudiyyəti yumşaldılıb.
Xaricdə dini təhsil alan şəxslərə ölkə daxilində dini mərasim aparmağa icazə verilməməsi ilə bağlı məhdudiyyət qanunvericiliyə ötən il əlavə edilmişdi.
Hazırda həbsdə olan ilahiyyatçı Sərdar Babayev də elə qanunvericiliyə bu dəyişiklikdən sonra ittihamla üzləşib. Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib. Rəsmi qurumlar bəyan ediblər ki, S.Babayev xaricdə dini təhsil aldığından Azərbaycanda məsciddə moizə oxuya bilməz. Ancaq müdafiə tərəfi bildirirdi ki, QMİ-da olan bir çox ilahiyyatçılar da elə xaricdə dini təhsil alıb.