Biləsuvar rayonun qəsəbələrində keçirilən etiraz aksiyasında saxlanan 5 məcbur köçkünə açılan cinayət işinin istintaqı başa çatıb. İş bu günlərdə məhkəməyə göndəriləcək.
Bu haqda AzadlıqRadiosu-na təqsirləndirilənlərin vəkilləri bildiriblər.
Vəkillər bu gün, mayın 16-da istintaq materialları ilə tanışlığı başa çatdırıblar.
Sonra cinayət işi Cəbrayıl Rayon Məhkəməsinə göndəriləcək.
Buna da bax: Aksiyada tutulan məcburi köçkünlərin həbsi artırıldı
Aksiyada tutulan məcburi köçkünlər - Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Əliməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov Cinayət Məcəlləsinin 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.
İttihamlar təsdiqlənsə onları 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.
XATIRLATMA
2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, qəsəbələrdə qaz olmadığından işıqların sönməsi qışda çıxılmaz durum yaradır. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.
Buna da bax: Aksiyaçı köçkün azadlığa buraxılmadı
Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı 3 nəfərin saxlandığı bildirilirdi. Məlumatda qeyd edilirdi ki, Cəlal Quliyev, Zaur Feyruzlu və Gülağa Əliməmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daha sonra Ülvi Quliyev və İlkin İsgəndərovun də həbs olunduğu bildirilirdi.
Onlara CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittihamlar verilmişdi.
Adları çəkilən 5 nəfərin həbs müddəti bir neçə gün əvvəl iyun ayının əvvəlinə kimi artırılıb. Aksiyadan sonra həmin qəsəbələrə qaz çəkilib.