Prezident 'Cümhuriyyət sərəncamı' imzaladı, ancaq...

Azərbaycan Xalq Cümhuriyyəti abidəsi

Prezident İlham Əliyevin bu gün, mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, IXX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb.

Fərmanda yazılır ki, Abbasqulu ağa Bakıxanovla Mirzə Fətəli Axundzadənin başladığı mərhələni Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlərin davam etdirməsi milli məfkurənin inkişafına mühüm təsir göstərib.

Buna da bax:​ 'Müstəqillik mübarizəsində nə Əliyev, nə də komandası iştirak edib'

“Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı eyni zamanda milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər Məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər”, sərəncamda qeyd edilir.

Sənəddə vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib. Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini və sinfi bərabərsizliyi ortadan qaldırıb.

Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilməlidir.

Buna da bax: İ.Əliyev: 'Azərbaycan Xalq Cümhuriyyəti Yerevanı Ermənistana bağışladı'

Nazirlər Kabineti bununla əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Sənəddə həmçinin, Milli Məclisdə AXC parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi də nəzərdə tutulur.

Ancaq, sərəncamda AXC qurucularının adları çəkilmir.

Əvəzində keçmiş prezident, mərhum atası Heydər Əliyevin xidmətlərindən bəhs edir.

“Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi. azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”. - deyə fərmanda yazılır.

Buna da bax:​ Prezident: 'AXC-Müsavat çevriliş etdi, torpaqlarımızı itirdik'

Xatırlatma

Prezident İlham Əliyev son zamanlar Azərbaycan Xalq Cümhuriyyətinə yönəlik tənqidi çıxışları ilə yadda qalıb. Ölkə başçısı bir müddət əvvəl AXC-ni Yerevanı Ermənistana verməkdə qınamışdı.

“Əfsuslar olsun ki, 1918-ci ildə gənc Azərbaycan Xalq Cümhuriyyəti Yerevanı Ermənistana, demək olar, bağışladı. Bütün sənədlər var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də o idi ki, Yerevan paytaxt kimi Ermənistana verilsin. Baxmayaraq ki, o vaxt Yerevanda əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu, böyük səhv idi», ölkə başçısı bu il martın 31-də bir qrup hərbçi ilə görüşündə demişdi.

Buna da bax: ‘Kiminsə Yerevanı Ermənistana ‘verməsindən’ söz açmaq savadsızlıqdır’

Tarixçi alim Cəmil Həsənlinin prezidentin bu çıxışına cavabı sərt olmuşdu. C. Həsənli İ. Əliyevin çıxışını nişan verərək demişdi ki, “konkret olaraq kiminsə Yerevanı Ermənistana “verməsindən” söz açmaq savadsızlıqdan başqa bir şey deyil”