Saturnu tədqiq edən "Cassini" kosmik aparatının NASA alimlərinə göndərdiyi dəlillər planetin peyklərindən biri olan Enseladın buz qatının altında gedən kimyəvi reaksiyaların həyat üçün şərait yarada biləcəyini göstərir. NPR radiosu xəbər verir ki, Enselad kifayət qədər cavan planetdir və ola bilsin ki, orada həyatın yaranmasının vaxtı gəlib çatıb.
İki il öncə alimlər Saturnun bu peykinin səthinin altında isti okeanın olduğunu sübut etmişdilər. Mütəxəssislər bu isti okeanın planetin təkindəki süxurlarla "əməkdaşlıq edərək" kimyəvi enerji yaratmağa qadir olub-olmadığı barədə düşünməyə başlamışdılar. Cavab müsbət olduğu təqdirdə Yer kürəsindəki kimi Enseladda da okeanın dərin çatlarında olan enerji ilə qidalanan orqanizmlərin yaranması mümkün ola bilərdi.
İndi isə NASA xəbər verir ki, sözügedən kimyəvi reaksiya bilavasitə Enseladın səthinin altında müşahidə olunur. Planetin buz çanağından kənara püskürülmüş toz kütləsinin içindən uçub keçən "Cassini burada hidrogen molekulunun olduğunu aşkar edib. Hidrogen molekulunun olması o deməkdir ki, əgər planetin buz çanağının altında bakteriyalar yaşayırsa, onlar hidrogenin suda həll olunmuş karbon iki oksidlə birləşməsindən yaranan enerji ilə qidalana bilərlər. Metanogenez adlanan bu reaksiya Yerdəki həyatın da əsasını təşkil edir. Ancaq bəzi mütəxəssislər hesab edirlər ki, hidrogenin səviyyəsinin yüksək olması, əksinə, Saturnun peykində həyatın mövcudluğu ehtimalını azaldır. Bununla yanaşı onlar ehtimal edirlər ki, Yupiterin peyki olan Avropada həyatın yaranması ehtimalı daha yüksəkdir. Belə ki, Avropa Enseladdan xeyli yaşlıdır.
Alimlər Enseladda həddindən çox hidrogen aşkar edəcəklərini gözləmirlər. "Cassini"nin tədqiqatçılarından biri olan Skot Boltonun (Scott Bolton) sözlərinə görə, Saturnun bu peyki o qədər balacadır ki, onun qravitasiya sahəsi böyük miqdarda hidrogen ehtiyatları cəlb edə bilməz. Eyni zamanda "Science" jurnalında dərc edilmiş araşdırmanın müəlliflərindən biri olan Bolton və onun tədqiqat komandası inanır ki, aşkar edilmiş hidrogen molekulları Yerin dərin okean çatlarındakı hidrotermal aktivliyə bənzər proseslər nəticəsində yaranır.
Qeyd edək ki, Yerin təkində dəmirlə zəngin materialların su ilə qarşılıqlı təsiri nəticəsində okeanın dibindəki hidrotermal çatlardan qara və ağ "tüstü" çıxır. Bu zaman hidrogendən başqa həm də yeni minerallar formalaşır. "Tüstünün" qara, yaxud ağ olması onun tərkibindəki kükürdün miqdarından asılıdır.
Boltonun sözlərinə görə, Enseladın da təkində belə proseslər baş verə bilər. Yəni okeanın dərinliklərində suyun süxurlarla təmas etdiyi yerlərdə kimyəvi proseslər nəticəsində hidrogen ayrıla bilər.
Alimlər "Cassini"nin göndərdiyi dəlillərə əsasən müəyyən ediblər ki, Enseladın səthə yaxın okeanı bərk süxurlardan ibarət qatın üzərində yerləşir. Bu isə o deməkdir ki, sözü gedən qarşılıqlı təmas bu planetdə də baş verə bilər.
Yer kürəsindəki hidrotermal çatlarda planetin ilk həyat növlərinə aid bakteriyaların yaşadığı məlumdur. Alimlər bugünədək bu çatlarda enerji mənbəyi kimi günəş işığından istifadə etməyən yeni bakteriya növləri aşkar edirlər. Həmin bakteriyalar enerji mənbəyi kimi hidrogendən istifadə edir.
Enseladın çatlarından qalxan maddələri daha dərindən tədqiq etməklə alimlər planetin sularında amin turşularının və ya hətta mikroblalrın olub-olmadığını müəyyən edə bilərlər.
Ancaq NASA hələlik belə bir missiya planlaşdırmır. Əvəzində 2020-ci ildə "Europa Clipper" missiyasının göndəriləcəyi gözlənilir. Bu missiyanın məqsədi Yupiterin peyki Avropanın səthindən qalxan oxşar maddələri tədqiq etməkdir.
Enselad kimi Avropanın da buz səthinin altında duzlu okean mövcuddur.
Bir müddət öncə tanınmış britaniyalı fizik və kosmoloq Stiven Xoukinq (Stephen Hawking) bildirmişdi ki, bəşəriyyət ən tez zamanda özünə başqa planetdə yeni ev axtarıb tapmalıdır.
Ancaq bundan ötrü insanlar Kainatın başqa yerlərində həyatı qeyri-mümkün edən texniki maneələri dəf edərək sıçrayışa nail olmalıdırlar. Fizik hesab edir ki, dünyanın axırı qaçılmazdır və o, ən yaxın zamanda texnogen qəza nəticəsində baş verəcək.