«Azərbaycanın işğal olunmuş ərazilərindəki Xocalı hava limanından turizm səyahətləri adı altında Ermənistana uçuşların həyata keçirilməsi planları növbəti təxribatıdır».
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun bildirməsinə görə, bu, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur:
«Azərbaycanın işğal olunmuş əraziləri üzərindəki hava məkanı bizim suveren ərazilərimizdir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycanın mülkiyyəti kimi təsbit olunub. İşğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib . Azərbaycanın bu mövqeyini Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı dəstəkləyir».
H.Hacıyev vurğulayıb ki, bu təxribatın önləmək məqsədilə Azərbaycan Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcək.
Bu günlər Ermənistan tərəfi Dağlıq Qarabağdakı Xocalı hava limanına turist səfərləri təşkil etmək niyyətində olduğunu bildirib. Xocalı şəhərinin işğalından sonra oradakı hava limanı təmir edilib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Xocalı şəhəri isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal edilib.