Müasir texnologiyalar o qədər sürətlə inkişaf edir ki, dünya ilbəil yox, az qala günbəgün dəyişir. Buna görə də, 10, 20, 30 ildən sonra bizi nə gözlədiyini yaxşı təsəvvür etmək çox çətindir. Ən yaxın gələcək necə olacaq? Tanınmış elm kommunikatoru və internet video prodüseri Hashem Al-Ghaili bu suala yeni çəkdiyi video vasitəsilə cavab verməyə çalışıb.
Hashem Al-Ghaili alimlərin həyatın müxtəlif sahələri ilə bağlı proqnozlarını birləşdirərək 2040-cı ilin reallıqlarını maksumum dərəcədə vizuallaşdırmağa çalışıb.
Videoda deyilir ki, 2040-cı ilə doğru Yer kürəsinin əhalisi 9 157 230 000 nəfərə çatacaq. Hindistan ABŞ-dan sonra dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ikinci ölkəsi olacaq. Afrika və Yaxın Şərqin ayrı-ayrı bölgələri ekstremal yüksək temperaturlar üzündən tamamilə yaşanmaz hala gələcək. Ehtiyatların son dərəcə məhduz miqdarı və iqlim dəyişikliyi kütləvi miqrasiyalara və misli görünməmiş qida üsyanlarına yol açacaq. Dənizin dibindən faydalı qazıntıların çıxarılması bütün dünyada geniş yayılmış praktika olacaq.
Beynəlxalq şəbəkəyə qoşulmuş cihazların ümumi sayı 173 987 427 000 ədədə çatacaq. Bu, orta hesabla planetin hər sakininə 19 cihaz deməkdir. Onlayn media çiçəklənəcək, adi televiziyanınsa tamamilə "kökü kəsiləcək". Termonüvə sintezindən alının enerji alqı-satqı üçün əlçatan olacaq. Kvant kompüter çipləri isə maşınların bu vaxta qədər misli görünməmiş sürətlə öyrənməsinə imkan yaradacaq. Eyni zamanda, alimlər insan zəkasının süni daşıyıcılara ötürülməsi imkanlarının kliniki sınaqlarına başlayacaqlar.
Biotexnologiyalar elə bir səviyyəyə çatacaq ki, cinayətkarlar uzunmüddətli cəzaları "fikrən" çəkəcəklər. Yaddaş implantlarının sayəsində onlar çox uzun müddətli cəzaları bircə günün içərisində çəkib qurtaracaqlar. Qida replikatorları isə xörəkləri bizim qida maddələrinə olan fərdi tələbatlarımıza görə ayrı-ayrı molekullardan yığacaqlar. Gənc nəsillər arasında Alzheimer xəstəliyi halları artmaqda davam edəcək. Siqaretlə mübarizə öz yekun mərhələsinə qədəm qoyacaq.
40-cı illərin əvvəllərinə doğru Yaponiya dünyada ilk kosmik liftin tikintisini başa çatdırmaq üzrə olacaq. NASA-nın zondları isə indiki kimi başqa planetlərdə həyat axtarışında olacaq. Onlar bu axtarışı Saturnun peyki Titanda aparacaqlar. Space X özünün Marsa ikinci pilotlu missiyasını göndərəcək. Gəmi öz göyərtəsində kolonistlərin yeni qrupunu daşıyacaq.
Strateji proqnozlaşdırma və planlaşdırma ilə məşğul olan Quantumrun konsaltinq şirkəti də yaxın gələcəklə bağlı proqnozlarını açıqlayıb. Şirkətin saytında deyilir ki, 2030-cu ilədək insanlar bir-biri ilə və heyvanlarla sadəcə beyin gücündən istifadə edərək ünsiyyətə girə biləcəklər. İnsanlar həminin kompüterlər və digər cihazlara nəzarəti də beyin gücü ilə həyata keçirəcəklər. Xatirə və arzuların ötürülməsi, internetdən istifadə də yalnız bu yolla baş verəcək.
Kompüter miniatürləşməsinin bir nəticəsi də cihazların daha ucuz qiymətə başa gəlməsi olacaq. Nəticədə kompüterlər dünyanın ən yoxsul əhalisi üçün də əlçatan olacaq.
Gələcək klaud və internet texnologiyaları sayəsində nitqin real vaxtda tərcüməsi mümkün olacaq. Bu isə mədəniyyətlərarası anlaşmanı daha da asanlaşdıracaq.
Nəsillər arasında ciddi rabitə pozğunluğu yaranacaq. Hazırkı dövrdə babalarımız interneti çox da yaxşı dərk etmədikləri kimi biz də istifadəçi interfeysinin (UI) gələcək formalarını anlamağa çətinlik çəkəcəyik. Bu bizimlə nəvələrimiz arasında ünsiyyəti, habelə yeni dünyanı dərk etməyimizi çətinləşdirəcək.
X nəsli (1960-cı illərdən 80-ci illərin əvvəllərinədək doğulanlar) əllə toxunula bilən kompüter interfeyslərinə və kağızla qələmi xatırlatdığına görə elektron kağıza üstünlük verəcəklər.
Y və Z nəslinə (müvafiq olaraq 1985-2005 və 2006-2025-ci illərdə dünyaya gələnlər) gündəlik həyatlarında virtual və genişləndirilmiş reallıq və toxunula bilən holoqramlardan daha rahat istifadə edə biləcəklər. 2026-2045-ci illər arasında doğulmuş hibrid nəsilsə düşüncələrini internetə yükləməyi öyrənərək böyüyəcək. Onlar həmçinin artıq kiçik yaşlarından internetə qoşulan əşyalara nəzarət edə, yaşıdları ilə fikrin gücü ilə əlaqə saxlaya biləcəklər.
Yeni texnologiyalar və elmi nailiyyətlər 2040-cı ilədək bir sıra tibbi cinayətlərə də yol açacaq. Bunlar arasında insanın reproduktiv və orqan yetişdirmə məqsədilə icazəsiz klonlaşdırılması, insanın DNT-sindən istifadə etməklə yalnız onu öldürməyə qadir olan ölümcül virusun yaradılması, gen mühəndisliyinin köməyilə yaradılmış viruslar vasitəsilə müəyyən bir insan irqinin məhvinə nail olma, insanların səhhət monitorinqi sisteminə nüfuz edərək onları xəstə olduqlarına inandırmaq və nəticədə onlara lazım olmayan dərmanları qəbul etmələrinə nail olmaq kimi cinayətlər sadalanır.
Qeyd edilir ki, gələcəkdə hakerlər indiki kimi insanların kredit kartı məlumatlarını və bankdakı pullarını deyil, biometrik məlumatlarını oğurlayaraq dərman istehsalçılarına və əczaçılıq şirkətlərinə satacaqlar.