Bayram bayrama qarışır

Ramazan

Ötən il noyabrın 25-i Nazirlər Kabineti «2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında» qərar verib.

Bu qərara görə, bu il iyunun 26-sı və 27-si Ramazan bayramıdır.

Üstəlik, bu il Ramazan bayramının bir günü 26 iyun - Silahlı Qüvvələr günü ilə üst-üstə düşür.

Buna görə, qeyri-iş günləri 5 gün (24-28 iyun) davam edəcək. Əmək Məcəlləsinə əsasən, həmin günlər istirahət günüdür. Beləliklə, ölkədə 5 gün ardıcıl (24, 25, 26, 27, 28 iyun) qeyri-iş günüdür.

İslamda müqəddəs sayılan Ramazan ayı bu il milad təqvimi ilə mayın 27-də başlayıb. Azərbaycanda Ramazan ayı iyunun 25-də başa çatır və iyunun 26-sı bayram edilir. Ancaq Türkiyə və bir çox müsəlman ölkələrində Ramazan bayramı iyunun 25-də qeyd olunacaq.

Qafqaz Müsəlmanları İdarəsi Ramazan təqvimini Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən hazırlandığını bildirir. Ancaq bəzi ekspertlər isə deyir ki, Azərbaycanda, bir qayda olaraq, Ramazan bayramı günləri başqa müsəlman ölkələrindən fərqlənir. Bu da onların fikrincə, Azərbaycanın İran İslam Respublikasını təkrarlaması kimi izah edilir.