“İkitərəfli münasibətlər baxımından bu il Latviya ilə Azərbaycan arasında çox fəal il olub və biz bir çox addımları atmışıq ki, əməkdaşlığımız daha da gücləndirilsin”.
İyulun 17-də, Azərbaycan və Latviya arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Latviya prezidenti Raimonds Vējonis belə deyib.
AZƏRTAC-ın xəbərinə görə, O, iki ölkənin hökumətləri, bələdiyyələri səviyyəsində əlaqələrin genişləndiyini qeyd edib.
“Latviya Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh və danışıqlar yolu ilə həll oluna bilər. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır”. O, vurğulayıb.
Latviya prezidenti ölkəsinin Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman dəstək verdiyini bildirib. Dəstəyin həm Şərq tərəfdaşlığı proqramı çərçivəsində, həm də digər çərçivələrdə olduğunu ifadə edən prezident Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığıngenişləndirilməsiimkanlarının tapılacağına ümidvar olduğunu deyib.
Prezident İlham Əliyev isə bəyanatında konstruktiv müzakirələr aparılmasından bəhs edib. Latviya-Azərbaycan əlaqələrinin yeni pilləyə qalxacağını deyən İ.Əliyev imzalanan sənədlərin çox önəmli olduğunu bildirib.
Ölkə başçısı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə görə, həmkarına təşəkkür edib.
“Biz indi strateji tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri çox açıq, səmimi şəkildə müzakirə edirik.İqtisadi sahəyə xüsusi diqqət göstərildi. Əlbəttə, biznes forum çərçivəsində aparılacaq diskussiyalar əminəm ki, yaxşı nəticələrə gətirib çıxaracaq. Bizə verilən məlumata görə, biznes forum çərçivəsində artıq bir neçə biznes müqaviləsi da imzalanacaq. Beləliklə, bu, ölkələrimiz arasında o qədər də yüksək səviyyədə olmayan ticarət dövriyyəsinə müsbət təsir göstərəcək ”.
İ.Əliyev hansı məhsulları Latviyaya ixrac, hansı məhsulların Latviyadan idxal edilməsi ilə bağlı konkret təkliflərin olduğunu bildirib. O, hökumətlərarası birgə komissiyanın fəaliyyətinə toxunaraq, komissiyanın qısa müddət ərzində çox böyük işlər gördüyünü ifadə edib.
Təhsil, nəqliyyat sahəsində əməkdaşlıq imkanlarından bəhs edən prezident Avropa Birliyi-Azərbaycan əlaqələrinin uğurla inkişaf etməkdə olduğunu qeyd edib.
“Avropa Birliyi ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir”, prezident deyib.
Xatırlatma
Prezident İ.Əliyev iyulun 16-da Latviya paytaxtı Riqaya səfər edib.
Bu səfər çərçivəsində Riqada Azərbaycan-Latviya biznes-forumu keçirilməlidir. Tədbiri Latviyanın İnvestisiya və İnkişaf Agentliyi təşkil edir.
Bu gün, iyulun 17-də Riqada İ.Əliyev və Latviyanın dövlət başçısı Raimonds Vējonis-ingörüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Prezidentlərin görüşündən sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub. Prezidentlər «Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə»ni imzalayıblar.
Bundan başqa, tərəflər arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları, tikintidə təhlükəsizliyə dövlət nəzarəti və təhsil sahəsində əməkdaşlıq haqqında da saziş imzalanıb.