Sərvətini internetlə qazanmış iki milyarder arasında süni intellekt ətrafında mübahisə başlanıb.
Elektriklə işləyən maşınlar düzəldən Tesla və kosmosa raketlər buraxan Space X şirkətlərinin yaradıcısı Elon Musk və Facebook-un yaradıcısı Mark Zuckerberg bir məsələdə həmrəydirlər- insan ağlını əvəz edəcək süni intellektin yaradılmasına çox qalmayıb.
Ancaq buna necə hazırlaşmaq lazımdır? Bu sual ətrafında mübahisə yaranır.
Musk hesab edir ki, insanlar süni intellekt sahəsində araşdırmaları tənzimləmək haqda düşünməlidirlər.Yoxsa, gec olacaq. Bunu Musk iyulun ortalarında ABŞ-da ştat qubernatorları ilə görüşdə deyib. O bildirir ki, hakimiyyət informasiya texnologiyaları sahəsində məhdudiyyətlərə dair qanunverciliyi nəzərdən keçirməlidir. Amma Musk konkret hansı məhdudiyyətlərin zəruri olduğunu dəqiqləşdirməyib.
Elə həmin günlər Facebook-da suallara cavab verən Mark Zuckerbergdən də soruşublar ki, Musk-ın bu narahatlığı əsaslıdırmı?
Zuckerberg isə cavab verib ki, Muskın bu sözləri ciddi şəkildə necə deməyini başa düşmür. Musk inkişafı ləngitməyə necə çağıra bilər?
Bundan sonra mübahisə qızışıb. Musk Twitterdə yazır ki, bu haqda Marka danışıb: "Onun bu məsələdə anlayışı məhduddur”.
MUSK-IN NARAHATLIĞI
Musk yazır: “İT sahəsində ən son nailiyyətlərə çıxışım var. Mən doğrudan da fikirləşirəm ki, insanlar düşünməlidir. Mən başa düşürəm, bu, yaxşı səslənmir,ancaq insanlar robotların küçə ilə gəzib, adamları öldürməyini görəndə necə reaksiya verəcəklərini bilməyəcəklər.
İndi bu, real görünmür. Ancaq biz narahat olmalıyıq.
Buna da bax: Belçikada Ostendəki AZ Damiaan xəstəxanasındakı robot 19 dildə danışır və hamıya kömək etməyə hazırdır - tibb bacısına, xəstəyə.
İT- insanlığın mövcudluğuna fundamental riskdir. Özü də bu risk avtomobil qəzaları, problemli dərmanlar, pis qida kimi risk deyil. O risklər insanlığa təhlükə deyil. Ola bilər, ayrı-ayrı insanlara riskdir, ancaq bütün insanlığa risk deyil.
Buna da bax: Günəş batareyaları ilə çalışan ilk təyyarə Sakit Okeanı keçdi
Tənzimləməyə gələndə, bundan qorxmaq lazım deyil. Məsələn, avtomiobil sənayesində bizə nəqliyyat departamenti nəzarət edir. Bundan heç kim narahat olmur. Tənzimləyici orqanlar bütün ölkələrdə var.”
ZUCKERBERGİN OPTİMİZMİ
Zuckerbergin Muska cavabı: “Mənim bu sahədə çox möhkəm əqidəm var. Mən çox optimistəm. İT barədə xüsusilə optimistəm. Mən daima bədbin düşünən, dünyanın axırı ilə adamları qorxudanları başa düşmürəm. Bu, çox pis və məsuliyyətsiz yanaşmadır.Çünki yaxın 5-10 ildə İT bizim həyatı daha keyfiyyətli edəcək.
Əgər siz insanların sağlamlığına görə narahat olursunuzsa, robotlar xəstəliyə diaqnozu daha dəqiq qoyacaq, dərmanları daha dəqiq seçəcək.
Pilotsuz avtomobillər insan sürən avtomobildən daha təhlükəsiz olacaq. Bu, yalnız vaxt məsələsidir.
Buna da bax: ABŞ-da bostanda işləməyə vaxtı olmayanlar üçün bağban robot.
Onunla razıyam ki, bütün texnologiyalar həm insanların ziyanına, həm də xeyrinə istifadə oluna bilər. Ona görə nəsə yaradanda ehtiyatlı olmaq lazımdır.
İnsanlar İT prosesinin ləngidilməsinə çağıranda isə mən bu fikri çox mübahisəli sayıram. Sən onda daha təhlükəsiz maşınların, xəstəliklərin daha təhlükəsiz diaqnostikasının əleyhinəsən. Mən başa düşmürəm ki, insanlar bunu necə edə bilər”.