'İşıq məhbusları'nın müdafiəsinə yeni vəkillər qoşulub

Biləsuvarda məcburi köçkünlərin etiraz aksiyası. 22 dekabr 2016

Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsi ilə bağlı keçirilən etiraz aksiyasında həbs olunan beş nəfərin məhkəməsi bu gün, avqustun 1-də davam edib.

"İşıq məhbusları" adlandırılan Cəlal Quliyev, Zaur Feyruz, Gülağa Alməmmədov, Ülvi Quliyevİlkin İsgəndərovun işinə Cəbrayıl Rayon Məhkəməsinin sədri Təranə Hüseynova baxır.

Təqsirləndirilənlərdən C.Quliyevin vəkili E.Sadıqov AzadlıqRadiosu-na bildirib ki, prosesdə "işıq məhbusları"nın müdafiəsinə yeni vəkillər qoşulub.

Buna da bax:​ 'İşıq məhbusları': 'Ola bilsin, etiraz aksiyası keçirərkən səhv eləmişik'

Həmin vəkillər məhkəmə qarşısında vəsatət qaldıraraq cinayət işinin materialları ilə tanış olmalarından ötrü vaxt istəyiblər.

Məhkəmə onların vəsatətini təmin edib. Proses sabah, avqustun 2-də davam etdiriləcək.

XATIRLATMA

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz olaraq aksiya keçiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verdiyi bildirilir.

Rəsmi məlumata görə, toqquşmada polis əməkdaşlarına xəsarət yetirilib. Bir polis gözündən xəsarət alıb. Ancaq köçkünlər deyir ki, aksiya iştirakçılarından da xəsarət alanlar var və üstəlik, polislərin xəsarət alması ilə bağlı deyilənlər bir qədər şişirdilib.

Buna da bax: 'İşıq məhbusları'nın məhkəməsi təciliyardımla başladı

Qəsəbədə yaşayan Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Əliməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov həbs edilib. Onlara CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittihamlar verilib.

Aksiyadan sonra həmin qəsəbələrə qaz çəkilib.