İlham Əliyev: ‘Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır’

Gurbanguly Berdymukhammedov və İlham Əliyev

“Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşayıb, əməkdaşlıq, dostluq edib”.

Azərbaycanla Türkmənistan arasında iki ölkə başçısının iştirakı ilə rəsmi sənədlərinin imzalanma mərasimindən sonra prezident İlham Əliyev mətbuata bəyanatında belə deyib.

Ölkə başçısı Türkmənistanlı həmkarı ilə imzaladığı sənədlər haqda danışaraq, strateji tərəfdaşlıq haqqında bəyannamənin xüsusi önəmini vurğulayıb.

Buna da bax:​ İlham Əliyev: “Avropa Birliyi ilə əlaqələrdə enerji ön plandadır ”

“Bu, əlaqələrin ən yüksək səviyyəsidir. Bu gün Türkmənistan və Azərbaycan artıq, strateji tərəfdaşlardır. Bu bəyannamədə gələcək birgə fəaliyyətimizin demək olar ki, bütün istiqamətləri müəyyən edilib. Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika və təhlükəsizlik məsələləri öz əksini tapıb”, – deyən prezident vurğulayıb ki, iki ölkə arasındakı əlaqələr uğurla inkişaf edir.

İ.Əliyev Türkmənistan prezidenti ilə əsasən, nəqliyyat məsələlərini müzakirə etdiklərini, energetika sahəsində əməkdaşlıqdan ötrü yaxşı imkanların olduğunu deyib.

Gurbanguly Berdymukhammedov: “Azərbaycan mühüm və etibarlı tərəfdaşımızdır”

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov isə öz bəyanatında Azərbaycanı mühüm və etibarlı tərəfdaş adlandırıb. O, İ.Əliyevlə ikitərəfli münasibətlərin durumunu, perspektivlərini, regional, beynəlxalq siyasət, mal dövriyyəsinin artırılması və şaxələndirilməsi məsələlərini müzakirə etdiklərini söyləyib:

“Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq”.

Buna da bax:​ 'Dedilər ki, Oyunların keçirildiyi yerlərdə gözə görünməyim'

Gurbanguly Berdymukhammedov iki ölkə arasında əməkdaşlığın strateji istiqamətlərinin energetika və nəqliyyat olduğunu qeyd edib.

* * *

Bu gün, avqustun 8-də Bakıda Azərbaycan və Türkmənistan prezidentləri İlham ƏliyevGurbanguly Berdymukhammedov-un danışıqlarının yekunlarına görə ikitərəfli sənədlər imzalanıb.

İki ölkə başçısı «Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə» imzalayıblar.

Bundan başqa, Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq birbaşa dəmiryol-bərə əlaqələrində yüklərin daşınması ilə bağlı sazişə dəyişikliklər edilməsi barədə Protokol qəbul edilib.

Tərəflər həmçinin, «Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum» imzalayıblar.

Buna da bax:​ Ekspert: 'Pambıq siyasəti valyuta gəlirlərini yox, valyuta xərclərini artırıb'

Bununla yanaşı, dəniz ticarəti, baytarlıq, bitki karantini, müəlliflik hüququ, sənaye mülkiyyətinin mühafizəsi, mülki müdafiə, fövqəladə halların qarşısının alınması və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında da sazişlər bağlanıb.

Həmçinin, iki ölkə Daxili İşlər Nazirliyi (DİN) arasında əməkdaşlıq haqqında saziş əldə edilib.

Tərəflər həmçinin, energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında hökumətlərarası memorandum imzalayıblar.

İlham Əliyev Gurbanguly Berdymukhammedov-la görüşüb

Bu gün, avqustun 8-i Azərbaycan dövlət başçısı İlham Əliyevin Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-la təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.

Buna da bax: Türkmənistan Asiya Oyunları keçirir, amma talismanı...

Prezident İlham Əliyev deyib ki, Azərbaycan və türkmən xalqlarını tarix birləşdirir:

«Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək. Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üçün çox yaxşı imkanlar var».

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov da öz növbəsində deyib ki, müasir dövrdə Türkmənistan-Azərbaycan münasibətləri özünün yeni mərhələsini yaşayır, yeni məzmun kəsb edir:

«Bu, həm siyasətdə, həm iqtisadiyyatda, həm də mədəni-humanitar sahədə müşahidə olunur. Həm Türkmənistan, həm də Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir».

Buna da bax:​ Türkmənistanın da öz 'ağ fillər'i var

O vurğulayıb ki, bu gün həm Türkmənistan, həm də Azərbaycan energetika, nəqliyyat və digər sahələrdə iri layihələri reallaşdırmaqla nəinki regionda, həm də dünya miqyasında xüsusi yer tutur:

«Bu, təkcə iki ölkənin, yalnız regionun inkişafına töhfə verməklə məhdudlaşmır, ölkələrimizin reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir və dünyada da müəyyən rol oynayır».

Gurbanguly Berdymukhammedov Azərbaycan prezidentini Aşqabadda keçiriləcək qapalı məkanlarda döyüş sənəti üzrə V Asiya Oyunlarının açılış mərasiminə dəvət edib.

«Açılış sentyabrın 17-də olacaq. Sizi və sizin nümayəndə heyətinin üzvlərini böyük ehtiramla dəvət edirəm», - deyə o qeyd edib.

Türkmənistan prezidenti Bakıda

Bu gün, avqustun 8-i Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov Azərbaycana gəlib. Xəbəri AZƏRTAC yayıb.

Türkmənistan prezidentini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra Türkmənistan prezidenti G.Berdymukhammedov-un rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bu qarşılanma mərasimi prezident İlham Əliyevin iştirakı ilə keçirilib.

G.Berdymukhammedov-un prezident İlham Əliyev və bir sıra rəsmilərlə görüşü gözlənilir. Bu görüşlərdə Türkmənistan qazının Azərbaycan vasitəsilə nəqli, Xəzərin statusu və bir sıra məsələlərin müzakirəsi gözlənilir.

Xəzərin statusu ilə bağlı Azərbaycanın İran və Türkmənistanla mövqeləri üst-üstə düşmür. İran və Türkmənistan Xəzərin bərabər hissələrə bölünməsinə tərəfdardır. Bu da Xəzərdəki bəzi yataqların Azərbaycan və Türkmənistan arasında mübahisəsinə səbəb olub. Mübahisə daha çox «Kəpəz» yatağı üstündədir. Hələ istismar edilməyən bu böyük yatağı Türkmənistan tərəfi «Sərdar» adlandırır.