«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tərkibindən çıxarılıb. İdarə bundan sonra publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev avqustun 8-də bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, idarənin nizamnaməsi hazırlanıb və 1 mln. manat həcmində nizamnamə fondu dövlət büdcəsi hesabına formalaşdırılacaq.
Prezident bu qurumun sədrini vəzifəyə təyin və vəzifədən azad edəcək.
Nazirlər Kabineti öz növbəsində, ölkə prezidentinin razılığı ilə idarə heyətinin digər iki üzvünü vəzifəyə təyin və vəzifədən azad edəcək, illik maliyyə hesabatlarını təsdiq edəcək.
Nazirlər Kabineti bir ay ərzində idarənin strukturunu, işçilərin say həddini və onların aylıq vəzifə maaşlarını təsdiq etməlidir.
XATIRLATMA
Azərbaycanda «Publik hüquqi şəxslər haqqında» Qanun ötən il fevralın 3-dən tətbiq olunmağa başlayıb.
Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.
Publik hüquqi şəxs onun özü, dövlət, bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Ancaq dövlət və ya bələdiyyə orqanı sayılmır.
Azərbaycanda ilk publik hüquqi şəxs də elə ötən il fevralın 3-də yaradılıb. Bu Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.
Azərbaycanda bir çox dövlət qurumu, ali məktəb də publik hüquqi şəxsə çevrilib. Ekspertlər bunu neftin ucuzlaşmasından sonra dövlət xərclərinin azaldılması kimi dəyərləndiriblər.