'Turan' agentliyinin şikayəti təmin edilməyib

Turan İnformasiya Agentliyi

Bu gün, avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində “Turan” İnformasiya Agentliyində yoxlama və götürmə aparılmasından verilmiş şikayətə baxılıb.

Prosesdə agentliyin direktoru Mehman Əliyev və vəkil Fuad Ağayev iştirak edib.

Vəkil məhkəmədə yoxlamanın qanunsuz olduğunu bildirib. O, qeyd edib ki, Vergilər Nazirliyi gərəkli maliyyə sənədlərini təqdim etməkdən ötrü agentliyə vaxt verib.

Buna da bax: 'Turan'la bağlı prezidentə və 1-ci vitse-prezidentə müraciət edildi

“Agentlik sözügedən sənədləri vergi qurumuna təqdim etmək məqsədi ilə toplayıb, surətlərini çıxarıb. Ancaq nazirlik sənədlərin təqdim edilməsini gözləməyib, agentlikdə axtarış aparılmasına qərar verilib”, – deyə vəkil vurğulayıb.

Məhkəmədən “Turan” İnformasiya Agentliyində yoxlama və götürülmənin qanunsuz sayılması istənilib.

Ancaq məhkəmə şikayəti rədd edib.

Agentliyin vəkilləri məhkəmə qərarından Avropa İnsan Hüquqlar Məhkəməsinə şikayət etməyi planlaşdırır.

Buna da bax:​ Cəmil Həsənli: 'Bu vəziyyəti yaradan İlham Əliyevdir'

XATIRLATMA

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti «Turan» İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Buna da bax:​ Əflatun Amaşov: ''Turan' media məkanımızda yox kimidir'

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları «Turan» agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş verənləri «axtarış» adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının da yoxlanıldığı bildirilir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.