Qurban Bayramı yarmarkaları olacaq

Qoyun

Bakıda Qurban Bayramı ilə əlaqədar satış yarmarkalarının təşkili planlaşdırılır.

Bu haqda Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birgə təşkil edəcəyi yarmarkaların sentyabrın 1-də səhər saat 9:00-dan etibarən fəaliyyətə başlayacağı bildirilir. Yarmarkaların Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil olunduğu açıqlanıb.

Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumlarda yetişdirilən xırdabuynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

Qurbanlıq heyvanların satışı Nərimanov, Xətai, Səbail və Yasamal rayonlarında təşkil ediləcək.

İslam dininə görə, hər bir imkanlı şəxs qurban kimi bir heyvan kəsməlidir. Qurban kəsiləcək heyvanın ətinin bir hissəsinin imkansız ailələrə, yetimlərə paylanması vacib sayılır.

Bu il Qurban Bayramı sentyabrın 1-i və 2-nə düşür.