Elman Rüstəmov: 'Manat sabitləşib'

Elman Rüstəmov

«Bu gün Azərbaycan iqtisadiyyatı yeni çağırışlarla üzləşib. Prezidentin irəli sürdüyü yeni iqtisadi inkişaf strategiyası dünyada baş vermiş maliyyə böhranından sonra formalaşan yeni situasiyaya uyğunlaşmağa və inkişaf modelinin formalaşmasına yönəlib».

APA-nın xəbərinə görə, bunu Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunan tədbirdə çıxışı zamanı Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

«Valyuta bazarı tarazlaşıb, milli valyutanın məzənnəsi sabitləşib. İqtisadi subyektlərdə nikbinlik və müsbət gözləntilər yaranıb», - AMB rəhbəri vurğulayıb.

E.Rüstəmov deyib ki, manatın gələcək məzənnəsi ilə bağlı hər hansı risklər görünmür:

«Manatın məzənnəsini bazar həll edir. Sadəcə olaraq hökumət, Mərkəzi Bank düşünməlidir ki, bütövlükdə manatın möhkəmlənməsi nə dərəcədə ölkədə həyata keçirilən iqtisadi strategiyaya uyğundur. Xüsusi ilə də ixracın şaxələnməsi, ixracın dəstəklənməsi nə dərəcədə doğrudur. Hələlik biz əsaslı qorxu görmürük».

E.Rüstəmov onu da bildirib ki, Dünya Bankı indiyə qədər Azərbaycanda 50-dən artıq layihəyə 3.5 mlrd. dollar vəsait ayırıb. Hazırda qurumun ölkədə ümumi dəyəri 1.1 mlrd. dollardan çox olan 10 aktiv layihəsi var.

Rəsmi statistikaya görə, bu il manat dollara nisbətən 4 faiz möhkəmlənib. Hazırda 1 dollar 1 manat 70 qəpiyədir.