Asiya İnkişaf Bankı (AİB) Azərbaycana 1.6 mlrd. dollar kredit ayıracaq.
Bu barədə AİB-in rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
Məlumatda qeyd olunan məbləğin 2018-2020-ci illərdə ayrılacağı yazılır.
Azərbaycanda əməliyyatlar üzrə təsdiqlənmiş biznes-plana görə, AİB 2018-ci ildə 700 milyon, 2019 və 2020-ci illərdə ayrı-ayrılıqda 450 milyon dollar ayırmalıdır.
Vəsaitin su (infrastruktur), nəqliyyat (avtomobil, dəmiryolu), energetika və dövlət sektorunun idarə olunması üzrə layihələrə yönəldiləcəyi bildirilir.
Sözügedən kreditin alınması ilə bağlı Azərbaycanın əlaqəli qurumları hələlik bilgi yaymayıb.
XATIRLATMA
Asiya İnkişaf Bankı Azərbaycana kredit ayıran əsas beynəlxalq maliyyə qurumlarından biridir.
İqtisadiyyat Nazirliyinin bilgilərinə görə, 2016-cı ildə Azərbaycana kredit ayıran əsas quruluşlar Dünya Bankı (DB), Asiya İnkişaf Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) olub.
2016-cı ildə «Azərbaycanın elektrik enerjisi paylayıcı şəbəkəsinin genişləndirilməsi» layihəsi üzrə AİB-lə 750 milyon ABŞ dolları dəyərində kredit vəsaitinin ayrılması ilə bağlı çoxtranşlı maliyyələşmə mexanizminin (CMM) çərçivə sənədi imzalanıb. Ardınca bu layihənin birinci tranşı çərçivəsində 250 milyon ABŞ dolları dəyərində kredit sazişi imzalanıb. AİB-in «Kontr-tsiklik dəstək proqramı» çərçivəsində isə Azərbaycanla dövlət zəmanəti ilə 500 milyon ABŞ dolları həcmində kredit sazişi bağlanıb.
2016-cı ildə AİB-in Direktorlar Şurası «Şahdəniz-2» qaz yatağının istismar xərclərinin maliyyələşdirilməsindən ötrü Azərbaycana özəl xətt üzrə 500 milyon, zəmanət üzrə 526 milyon ABŞ dolları kreditin ayrılmasını da təsdiqləyib.
Rəsmi bilgilərə görə, Azərbaycanın istifadə edilən kreditlərlə bağlı xarici borcu 7 milyard dolları keçib. Bəzi ekspertlər xarici borcun bundan çox olduğunu düşünür.