Xəstəxanalar publik hüquqi şəxs statusu alacaq

Elsevər Ağayev

Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək.

APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, ölkədə ötən ildən başlayaraq icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Onun sözlərinə görə, bu layihənin tətbiq olunduğu xəstəxanalar özəl yox, dövlət tibb müəssisələridir:

«Bilirik ki, həmin müəssisələr də publik hüquqi şəxsə çevrilməlidir. Çünki Azərbaycanda dövlət tibb müəssisələri 10 ildən artıqdır ki, əhaliyə pulsuz xidmət göstərir. Onlar isə sığortaya xidmət göstərmələri üçün publik hüquqi şəxs olmalı və xüsusi hesabları açılmalıdır. Artıq publik hüquqi şəxs statusu alacaq xəstəxanaların ilkin siyahısı hazırlanıb. İlkin olaraq 70 müəssisə nəzərdə tutulub və sonradan onların sayı artırılacaq».

Ötən ildən başlayaraq Azərbaycanda bir sıra qurumlar, ali təhsil müəssisələri publik hüquqi şəxsə çevrilir. Ekspertlər bunu neftin qiymətinin düşməsindən sonra hökumətin qənaət rejiminə keçməsi ilə izah edirlər.

Publik hüquqi şəxs – dövlət, bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılır. Ümumdövlət, ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.