“Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında (AHT) (Open Government Partnership - OPG) qalıb fəaliyyətini davam etdirməsi qurumun tövsiyələrinə nəzərdə tutulan tədbirlərin icrasından asılı olacaq”.
İqtisadçı-ekspert Qubad İbadoğlu OGP-nin Azərbaycan hökumətinə tövsiyələrini AzadlıqRadiosu-na dəyərləndirərkən belə deyib.
Buna da bax: Açıq Hökümət Tərəfdaşlığının Azərbaycanla bağlı tapşırığı var
Hökumətin 1 il vaxtının olduğunu xatırladan Q.İbadoğlu vurğulayıb ki, Azərbaycan bu beynəlxalq təşkilatda fəaliyyətini davam etdirmək istəyirsə, tövsiyələri yerinə yetirməlidir.
“1 il başa çatandan sonra OGP-nin rəhbər komitəsi təqdim etdiyi tövsiyələrin necə icra olunmasını qiymətləndirəcək. Qiymətləndirmə tövsiyələrin tam və vaxtında icra səviyyəsini əhatə edəcək. Buna əməl etməyən hökumət üzvlükdən çıxarıla bilər”.
Ekspert deyib ki, hökumətin tövsiyələrə əməl etməsi ən doğru yol olardı.
“Mən də öz növbəmdə Azərbaycan hakimiyyətini Mədən Sənayesində Şəffaflıq Təşkilatındakı (Azərbaycanın həmin təşkilatda fəaliyyəti dayandırılıb. Sonra ölkə bu qurumdan çıxıb) fəaliyyətinin uğursuz aqibətini bir daha yaşamamaq üçün bu tövsiyələri vaxtında və tam yerinə yetirməyə çağırıram. Azərbaycan hakimiyyətinə təqdim olunmuş təkliflər realdır, ünvanlıdır, həyata keçirilməsi mümkündür və vətəndaş cəmiyyətinin mövcud problemlərinin həllini təsvir edir. Bu, həm də Azərbaycan hakimiyyətinin AHT-də qalması üçün sonuncu şansdır. Əgər hakimiyyətdə buna məsul olan şəxslər bu şansı dəyərləndirməyəcəksə onda ölkəmizin bu təşəbbüsdə də fəaliyyəti dayandırılacaq", – Q.İbadoğlu bildirib.
Buna da bax: Əliməmməd Nuriyev: ‘OGP-nin qərarı Azərbaycan hökumətinin uğurudur’
Ötən həftə Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership - OGP) Daimi Komitəsi “Azərbaycan hökumətinə yenilənmiş tövsiyələr”ini dərc edib.
Tövsiyələrdə nələr var?
Tövsiyələrdə vətəndaş cəmiyyətinin vəziyyətini və durumun yaxşılaşdırılmasından ötrü atılmalı olan zəruri addımlar əksini tapıb.
OGP-nin tövsiyələri vətəndaş cəmiyyətinin həll olunmamış problemlərinin müəyyən edilməsini, əsasən qeydiyyat prosesi və maliyyələşdirmə imkanlarını nəzərdə tutur.
Qurum hesab edir ki, QGT-lərin qeydiyyatı prosesi sadələşdirilməli və onların fəaliyyətinə məhdudiyyətlər aradan qaldırılmalıdır.
Buna da bax: Yeni 'Açıq hökumət' platformasına opponentlərin reaksiyası
Tövsiyələr həmçinin, QHT-lərin onlayn-qeydiyyatına bəlli müddət daxilində imkan yaradılmasını, bundan yalnız açıq, qanuni əsaslarla imtina edilməsinin mümkün olmasını nəzərdə tutur.
İnzibati Xətalar Məcəlləsinə yenidən baxılmalıdır
Bundan başqa, istənilir ki, QHT-lərdən ötrü sərt qaydaların qarşısının alınması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə yenidən baxılmalıdır.
OGP QHT-lərin maliyyələşmə imkanlarından istifadə qaydalarının sadələşdirilməsini, qrantların qeydiyyatı zamanı məhdudiyyətlərin aradan qaldırılmasını istəyir. Qurum bu istiqamətdə xeyli təkliflər irəli sürüb.
Qrant alma qaydaları sadələşdirilməlidir
Qrant verən xarici donorların Azərbaycan hökumətindən icazə almasının vacibliyi, habelə onların öz nümayəndəliyini qeydiyyatdan keçirməsinin vacibliyi aradan qaldırılmalıdır.
Buna da bax: İnsan haqlarını pozan məmurların cəzalandırılmasında ABŞ nə təklif edir?
Xarici donorların qrant vermək hüququnu əldə etməsinin vacibliyi, xarici qrant almaqdan ötrü maliyyə-iqtisadi rəyin alınması qaydası ləğv olunmalıdır.
Tövsiyələrdə QHT-lərdən ötrü bank əməliyyatlarının da sadələşdirilməsi istənilir.
Azərbaycan rəsmiləri, hələlik, bu tövsiyələrə münasibət bildirməyiblər.
Ancaq rəsmilər bir qayda olaraq bəyan edirlər ki, Azərbaycanı xaricdə sevməyən bəzi qüvvələr yerli QHT-ləri maliyyələşdirməklə ölkədə sabitliyi pozmaq, hakimiyyətə öz maraqlarından asılı olaraq təzyiq etmək istəyirlər. Qanunvericilikdəki bəzi məhdudiyyətlər də vətəndaş cəmiyyətinə basqılardan yox, prosesdə belə ziyanlı məqamları durdurmaq istəyindən irəli gəlir.
Buna da bax: Hüquqşünas: ''Turan'la yanaşı, başqa QHT-lərin də vergi sanksiyası ləğv edilməlidir'
XATIRLATMA
OGP hökumətlərin hesabatlı və şəffaf idarə edilməsini hədəf götürən nüfuzlu beynəlxalq təşəbbüsdür.
Qurucuları arasında ABŞ və Böyük Britaniyanın da olduğu OGP 2011-ci ilin sentyabrında yaradılıb. Azərbaycan bu təşəbbüsə 2011-ci ildə, öz istəyi ilə ilk qoşulan ölkələrdən olub.
Təşəbbüsün tarixində birlikdəki statusu «qeyri-aktiv» elan edilən ilk ölkə də məhz Azərbaycandır. Bu, 2016-cı ilin martında baş verib.
OGP bu il iyunun 28-i Vaşinqtonda keçirilən toplantısında Azərbaycanın qurumdakı qeyri-aktiv statusunu daha bir illiyə uzadıb. Müddətinin uzadılmasına səbəb kimi ölkədə vətəndaş cəmiyyətindən ötrü mühitin yaxşıya doğru dəyişməməsi göstərilir.
Buna da bax: 'İndi hansı QHT işgəncələrlə bağlı hesabat hazırlamağa cəsarət edər?!'
12 aylıq müddət ərzində qoyulan tələblər yerinə yetirilmədiyi halda ölkə qurumdan birdəfəlik çıxarıla bilər.
Azərbaycan hökumətinin OGP-dəki aktiv statusunu bərpa etməsinə 2017-ci il sentyabrın 25-dən başlayaraq bir il vaxtı var.