Bu gün, oktyabrın 13-ü Bakı Apellyasiya Məhkəməsində həbsdə olan AXCP sədr müavini Gözəl Bayramlı ilə bağlı vəsatətə baxılıb.
Bunu vəkil Zübeydə Sadıqova bildirib.
Vəkil deyib ki, vəsatət Nəsimi Rayon Məhkəməsinin G.Bayramlı barəsində həbs müddətinin uzadılması ilə bağlı qərarından verilmişdi:
«Müdafiə tərəfi Gözəl Bayramlı barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı qərarı qanunsuz sayır və onun həbsdə saxlanmasına hər hansı əsas olmadığını bildirirdi».
Z.Sadıqova deyib ki, məhkəmə müdafiə tərəfin vəsatətini təmin etməyərək, Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Oktyabrın 6-sı Nəsimi Rayon Məhkəməsi xanım siyasətçinin həbs müddətinin dekabrın 25-dək uzadılması haqda qərar çıxarıb.
XATIRLATMA
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Avqustun 17-də bu müddət daha iki ay uzadılıb.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.
O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.
AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.
Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində davam edir.