«Azərbaycan Dəmir Yolları» QSC-nin qatarları gələn ayın sonunda İrana yük daşımalarına başlayacaq.
Bunu Bakıda bu gün (13 oktyabr) başa çatan «Argus Azərbaycan Beynəlxalq Neft Sammiti-2017»-də çıxış edən Cavid Qurbanov deyib. İlk dəfə Azərbaycandan gələn yük qatarı İran Astarasına daxil olacağı gözlənilir.
ADY-nin İdarə Heyətinin sədri C. Qurbanov Astara (Azərbaycan) - Astara (İran) yeni dəmir yolu xətti üzrə Azərbaycanda tikinti işlərinin, Astara çayı üzərində dəmir yolu körpüsünün inşasının başa çatdığını bildirib. İran ərazisində tikinti işləri isə hələ davam etdirilir.
Buna da bax: Bakı-Tbilisi-Qars-ın oktyabrda açılacağı deyilir
Daşımağa yük var
Dövlət Gömrük Komitəsinin 2017-ci ilin birinci yarısı üzrə açıqladığı məlumata görə, iki ölkə arasında mal ticarəti 100 min tondan çoxdur. Bunun əsas hissəsi İrandan Azərbaycana gələn müxtəlif kənd təsərrüfatı məhsulları, hazır ərzaq və sənaye mənşəli mallardır. Azərbaycandan isə əks istiqamətdə 20 min tondan çox kənd təsərrüfatı məhsulları, buğda kəpəyi, pambıq tullantıları, kimya sənayesinin ilkin emalı məhsulları yola salınıb. Daşımalarda əsas nəqliyyat vasitəsi kimi yük maşınlarından istifadə olunur. Bir çoxları məhz bu səbəbdən İranla dəmir yolu əlaqəsinin yaradılmasını şimal-cənub istiqamətində avtomobil yolları infrastrukturunun dayanıqlığına müsbət təsir edəcəyini bildirir.
Buna da bax: Təkcə yükdaşımalardan Azərbaycan yarım milyard dollar qazana bilər
Ekspert: «Bu yeni dəmir yolu hamıya sərf edir»
İqtisadçı, iş adamı Nazim Bəydəmirli deyir ki, bu dəmir yolu marşrutu həm də Azərbaycanın İran və Rusiya arasında tranzit ölkə kimi üstünlüyünü yüksəldəcək, ölkənin tranzitdən əldə etdiyi gəlirlərini artıracaq.
«İranla birbaşa dəmir yolu əlaqəsinin yaradılması Rusiya üçün də sərfəlidir. Çünki, bu ölkədən İrana Azərbaycan üzərindən dəmir yolunun salınması logistik xidmətləri ucuzlaşdırır. Astraxan kimi dəniz limanlarında yüklərin boşaldılması yüklənməsi, yenidən gömrük prosedurları ilə bağlı həm vaxta, həm də pul vəsaitinə qənaət ediləcək», - iqtisadçının sözləridir.
Buna da bax: Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]
Nazim Bəydəmirlinin sözlərinə görə, yeni dəmir yolu əlaqəsinin yaradılması həm də dəniz gəmiçiliyinin üzərinə düşən yükü azaldacaq.