İran ABŞ-ın neft şirkətləriylə işləməyə hazırdır, baxmayaraq ki, onların bu ölkədə fəaliyyətinə qadağalar var. Bunu oktyabrın 17-də İranın neft naziri Bijan Zanganeh deyib.
«Amerika şirkətləri İrana gəlib elə fayda götürə bilərlər ki, prezident Donald Trump dilxor olmasın», – SHANA agentliyinə görə, Zanganeh deyib.
2015-ci ildə nüvə sazişinin imzalanmasından sonra bir çox ölkələr neft-qaz şirkətlərinə qadağaları götürsələr də, Birləşmiş Ştatlar belə etməyib.
«Onlar Amerika şirkətlərinin İrana gəlməsinə əngəllər yaradıblar. İranda neft və qaz resurslarını işləmək istəyən Amerika şirkətlərinin işinə, yaxud onlarla danışıqlara heç bir məhdudiyyətimiz yoxdur. İstəyirlərsə, sabah onlarla danışıqlara hazırıq», – Zanganeh deyib.
Trump ötən həftə bildirib ki, nüvə sazişinə dəyişikliklər istəyir və avropalıları İranın enerji layihələrində iştiraka görə tənqid edib.
Nüvə sazişi imzalanandan sonra Fransanın «Total SA» neft nəhəngi İran bazarına daxil olub, Avropa və Asiyanın digər neft şirkətlərinin də belə bir niyyəti var.
İranda böyük həcmdə işlənməmiş neft və qaz ehtiyatları yerləşir.