Deripaska-nın AP-yə qarşı iddiası rədd olundu

Oleg Deripaska

Oktyabrın 17-də ABŞ-da hakim rusiyalı milyarderin «The Associated Press» agentliyinə qarşı defamasiya iddiasını rədd edib.

Hakim Ellen Huvelle 21-səhifəlik hökmdə bildirib ki, alüminium maqnatı Oleg Deripaska «cümlələri xüsusi seçməklə» onların böhtan xarakteri daşıdığını iddia edib, AP-nin məqaləsində «hansısa faktı» mübahisələndirməyib.

Agentlik martda yazmışdı ki, Rusiya prezidentinə yaxınlığıyla seçilən milyarderin Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort-la biznes əlaqələri olub.

Hakim onu da bildirib ki, Deripaska AP-nin məqaləsinin qərəzlə çap olunduğunu da sübuta yetirə bilməyib. Deripaska iddiasında şikayətlənib ki, məqalədə vacib xatırlatma verilməyib.

«AP-nin də göstərdiyi kimi, bu, qərəzlə bağlı iddia qaldırmağa yetərli deyil», – hakim Huvelle yazıb.

İş bağlanıb, yəni Deripaska bu iddianı bir daha qaldıra bilməz.

AP-nin məqaləsində deyilirdi ki, Manafort Trump-ın kampaniyasına qoşulmazdan 10 il öncə Deripaska-ya məxfi biznes strategiyası təklif edib, məqsəd Putin hökumətinə xeyir verməkdən ötrü ABŞ, Avropa və keçmiş sovet respublikalarında rusiyapərəst partiyaları dəstəkləmək, siyasətə, biznes sövdələşmələrinə, xəbərləmə işinə təsir göstərmək olub.