Kürdüstan referendumun nəticələrini “dondurmağı” təklif edir

Ərbil yaxınlığı

-

İraqın kürd regional hökuməti oktyabrın 24-də axşam təklif edib ki, ötən ay keçirilmiş müstəqillik referendumunun nəticələrini “dondursun”. Məqsədin gələcək zorakılığı önləmək və Bağdadla dialoqu asanlaşdırmaq olduğu bildirilir.

“Davamlı döyüşlər heç bir tərəfi qələbəyə aparmır, ancaq ölkəni xaosa sürükləyir, həyatın bütün aspektlərinə təsir göstərir”, – Ərbildə yerləşən kürd hökumətinin bəyanatında deyilir.

Bəyanatda kürd regionuyla “dərhal atəşkəs” elan olunması, referendumun nəticələrinin dondurulması, Bağdaddakı federal hökumətlə “açıq dialoq” təklif olunur.

Sentyabrın 25-də keçirilən referendumda kürdlərin 92 faizi müstəqilliyi dəstəkləyib, ancaq Bağdad bu səsverməni qanunsuz adlandırıb. Qonşu İranla Türkiyə, eləcə də qərb ölkələrinin çoxu referenduma qarşı çıxıblar.

Ötən həftə İraq qüvvələri İranın dəstəklədiyi şiə yaraqlıların köməyilə neftlə zəngin Kərkükü və digər ərazilərə nəzarəti ələ alıb.