Kennedy-nin qətliylə bağlı yekun sənədlər yayılacaq

John F. Kennedy

-

Oktyabrın 26-da ABŞ-da 1963-cü ildə prezident John F. Kennedy-nin qətlə yetirilməsiylə bağlı, indiyədək gizli saxlanmış minlərlə sənəd açıqlanacaq.

İctimaiyyətə heç vaxt açılmamış 3 min sənədin, həmçinin qismən açılmış 30 mindən çox sənədin yayılacağı gözlənir.

Ancaq təhlilçilərin fikrincə, bu sənədlərdən Lee Harvey Oswald-ın 1963-cü il noyabrın 22-də Kennedy-ni Dallasda niyə qətlə yetirməsinə dair elə də əhəmiyyətli yeni detal gözlənilmir.

Ekspertlər deyirlər ki, sənədlər daha CIA və FBI-nin Oswald-ın Kuba və keçmiş Sovet İttifaqından casuslarla əlaqəsini müəyyənləşdirmək cəhdlərinə fokuslanıb. Oswald 1963-cü ilin sentyabrında Meksikaya səfər edib.

ABŞ Konqresi 1992-ci ildə qərar çıxarıb ki, istintaqa dair bütün sənədlər 25 il ərzində ictimaiyyətə açıqlansın.

Prezidentin sənədlərin açıqlanmasını bloklamağa səlahiyyəti çatır, amma Donald Trump ötən həftə deyib ki, bunu eləməyəcək.