DTX-nın əməliyyat keçirdiyi mənzilə baxış olub

DTX

Oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilən ünvana - Xırdalanda yerləşən mənzilə baxış olub.

Baxışda Abşeron Rayon Prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistləri iştirak edib.

Bu haqda Abşeron Rayon Prokurorluğunun məlumatında bildirilir. Məlumata görə, baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 «Makarov» markalı tapança, 2 partlayışa hazır vəziyyətdə olan əl qumbarası və 7 «Molotov kokteyli» aşkar edilib.

Faktla bağlı hazırda Abşeron Rayon Prokurorluğunun araşdırmalarının davam etdiyi deyilir.

DTX-in məlumatına görə, oktyabrın 25-i terror təşkilatının tabeçiliyini qəbul edən Azərbaycan vətəndaşları – «Abdullah» ləqəbli Bəxtiyar Ələkbərov, «Əbu-Yunis» ləqəbli Anar Məsimli və «Əbu-Vakkaz» ləqəbli Cavid Hüseynli silahlı müqavimət göstərərkən öldürülüb.

Məlumatda vurğulanırdı ki, həmin şəxslər ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə oktyabrın 28-də Milli Şuranın Bakıda keçiriləcək mitinqində terror aktı törətmək barədə razılığa gəliblər.

Bu məlumata hələlik öldürülən şəxslərin vəkillərinin və ya yaxınlarının münasibəti bəlli deyil.

Ancaq Milli Şurada təmsil olunan AXCP rəhbərliyindən DTX-nın məlumatına münasibət bildiriblər.

«Əgər bu, həqiqətən belədirsə, o zaman Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) alqış düşür», - bunu məlumatı şərh edərkən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli AzadlıqRadiosuna demişdi.

Amma N.Məmmədli bununla bağlı digər mülahizələrin də olduğunu vurğulamışdı. Həmin mülahizələrə söykənən N.Məmmədli demişdi ki, kimlərinsə mitinqdə terror aktı törətmək istəməsi ağlabatan görünmür.

«Burada məqsəd mitinqdə terror ola bilməsi adı ilə insanların şüuruna qorxu yeritmək də ola bilər. Hətta kimlərinsə Milli Şuranın əleyhinə olduğunu və hətta terrordan belə çəkinməmələrini göstərmək də ola bilər. Bu, daha çox hakimiyyətin xalqı qorxutmaqdan ötrü növbəti təxribatına bənzəyir», -N.Məmmədli bildirmişdi.