J. Hahn: 'Azərbaycana kömək etmək istəyirik, amma…'

Johannes Hahn

"Biz Azərbaycan vətəndaş cəmiyyətinə daha çox kömək etmək istəyirik, amma bu ölkədə məhdudiyyətlər var".

Bu sözləri Avropa Birliyinin Qonşuluq və Genişlənmə Siyasəti üzrə Avropa Komissarı Yohannes Han (Johannes Hahn) söyləyib. O, bu gün, oktyabrın 26-sı Tallində Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyətləri təmsilçilərinin konfransında çıxış edib.

Oktyabrın 25-də Tallində "İnsanlardan ötrü real nəticələr: 2020-ci ildə və daha sonra Şərq Tərəfdaşlığı necə olacaq?" mövzusunda konfrans başlayıb. Konfrans oktyabrın 27-si başa çatmalıdır.

Azərbaycanda həbs edilən jurnalistlər və QHT nümayəndələri haqqında danışan komissar qeyd edib ki, Brüssel həbsdə olanların taleyindən narahatdır.

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

"Bəzən susqun siyasət və danışıqların açıq aparılmaması daha çox nəticə verir", – deyə o əlavə edib.

Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyətinə bundan sonra göstəriləcək dəstəyə toxunan Y. Han bildirib ki, 2017-2020-ci illərin planına əsasən, QHT-lər üzrə büdcə 20 faiz artırılacaq. Bu 170 mln. avro təşkil edəcək.

"Şərq Tərəfdaşlığı proqramının fəaliyyətinin mühüm nəticəsi vətəndaş cəmiyyətinə dəstəkdir. Ümumilikdə bu illər ərzində 6 ölkədə 600-dən çox təşkilatla əlaqələr qurulub, kiçik müəssisələrə 100 minə yaxın yardım göstərilib, 10 mindən çox yeni iş yeri açılıb", – deyə Han bildirib.

Buna da bax: 'Gürcüstan işi' hesabatı açıqlandı

O, dəstək proqramlarının nailiyyətləri arasında Gürcüstan və Ukrayna ilə vizasız rejimin tətbiq edilməsini, tezliklə bunun Moldovaya da şamil ediləcəyini vurğulayıb. Komissar, həmçinin Ermənistan və Azərbaycanla yeni sazişlərlə bağlı danışıqlar aparıldığını bildirib.

"Biz öz iştirakımızın səviyyəsini hər bir ölkədəki vəziyyətə uyğun olaraq müəyyən edirik", - deyə Y, Han bildirib.

XATIRLATMA

Əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Hazırda Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq sazişi ətrafında danışıqlar gedir.