Bu gün, oktyabrın 27-si gənc fəal, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənlinin hərbi xidmətə aparıldığı bildirilir.
Bu haqda AzadlıqRadiosu-na hərəkatdan bildiriblər.
Hərəkatdan deyiblər ki, gənc fəalı müayinədən ötrü getdiyi xəstəxanada hərbi polis saxlayıb. Onu xəstəxanadan cəbhə bölgəsindəki hərbi hissələrdən birinə aparıldığı iddia olunur
Hərəkatdan əlavə ediblər ki, Ü.Həsənlinin hərbi xidmətdən möhlət hüququ olub.
Buna da bax: Vəkili: ‘Bayram Məmmədovun böyrəklərində iltihab yaranıb’
Verilən məlumata görə, revmatizm və böyrək ağrılarından əziyyət çəkən Ülvi Həsənli sonuncu dəfə bu ilin əvvəlində tibbi müayinədən keçib. Ona 2019-cu ilədək möhlət hüququ verildiyi bildirilir.
Ancaq oktyabrın əvvəlində onu yenidən hərbi komissarlığa dəvət ediblər.
“Hərbi Komissarlıqda təkrar müayinə zamanı onun böyrəyində daş və iltihab olduğu təsdiqlənsə də, Ülvi Həsənliyə əlavə müayinələr təyin olunub“, – deyə hərəkatın açıqlamasında qeyd edilir.
Verilən məlumata görə, dünən, oktyabrın 25-i keçirilən əlavə müayinələr zamanı isə böyrəyinin sağlam olduğu bildirilib:
“Onu bu gün, oktyabrın 26-sı növbəti müayinə zamanı xəstəxanada hərbi polis saxlayıb. Hərbi komissarlığa aparılan gənc fəal, ardınca cəbhə bölgəsindəki hərbi hissələrdən birinə göndərilib”.
Hərəkatdan həmçinin bildiriblər ki, Ü.Həsənli sağlıq durumu imkan verdiyi halda, hərbi xidmətə hazır olub.
NİDA Vətəndaş Hərəkatı baş verənləri gəncin sırf siyasi düşüncələri ilə bağlı olduğunu bildirir.
Əlaqəli rəsmi qurumlar Ü.Həsənlinin hərbi xidmətə aparılması iddiası ilə bağlı suallara cavab verməyiblər.
NİDA Hərəkatı ictimai-siyasi fəal gənclərin birliyidir.
Təşkilatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir.
Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.