Bu gün, oktyabrın 26-sı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevlə yığmanın baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.
AFFA-dan verilən məlumata görə, Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin müzakirə olunduğu görüşdə R. Prosineçki ilə müqavilənin qarşılıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.
AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb.
Buna da bax: Azərbaycan Almaniyaya böyük hesabla məğlub oldu
Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.
Futbol üzrə Azərbaycan yığma komandası R.Prosineçkinin rəhbərliyi altında Dünya Çempionatı 2018-in seçmə mərhələsini 10 xalla 5-ci pillədə başa vurub.
2014-cü ildən Azərbaycan millisinə rəhbərlik edən R.Prosineçkinin müqaviləsinin müddəti dekabrda başa çatırdı. Bir müddət əvvəl yerli KiV-lərdə R.Prosineçkinin müqaviləsinin müddətini uzatmaqda maraqlı olmadığı haqqında məlumatlar yer almışdı.