Moskvada teatr direktoru ev dustağı edilib

Sofia Apfelbaum məhkəmədə, 27 oktyabr, 2017-ci il

-

Moskvada teatr direktoru ev dustağı edilib. Bu, başqa bir tanınmış teatr direktorunun adı hallanan dələduzluq işiylə bağlıdır.

Moskvanın Basmannı Məhkəməsi oktyabrın 27-də çıxardığı qərarla Rusiya Akademik Gənclər Teatrının (RAMT) rəhbəri Sofia Apfelbaum dekabrın 2-dək ev dustaqlığına məhkum edilib.

Məhkəmənin qərarına görə, Apfelbaum evdən çıxa, internetdən istifadə edə, qohumlarından başqa heç kəslə əlaqə saxlaya bilməz.

Apfelbaum bir gün öncə saxlanıb, federal İstintaq Komitəsi onun teatr direktoru və kinorejissor Kirill Serebrennikov-un suçlandığı və ev dustağı edildiyi dələduzluq işi çərçivəsində şübhəli kimi saxlandığını bildirir.

İstintaqçılar bildiriblər ki, Apfelbaum Serebrennikov-un “Yeddinci Studiya”sına saxta sənədlər verməklə 214 milyon rubl (3,7 milyon dollar) dövlət vəsaitini əldə etməsinə kömək göstərib.

Apfelbaum-un “mütəşəkkil qrup tərəfindən törədilən dələduzluq”da ittiham olunacağı qeyd edilib.

Bu iş beynəlxalq ictimaiyyətin narahatlığını doğurub. Prezident Vladimir Putin hökumətiylə həmfikir olmayan mədəniyyət fiqurlarının hədəfə alındığı bildirilir.

Serebrennikov antihökumət etirazlarında iştirak edib və Rusiya Pravoslav Kilsəsinin artan nüfuzundan narahatlığını bildirib.