Atambaev yenə qazax həmkarını “qılınclayır”

Almazbek Atambaev

-

Qırğızıstan prezidenti Almazbek Atambaev yenə qazaxıstanlı həmkarını birbaşa olmasa da, sərt tənqid edib. Bu, iki Orta Asiya ölkəsi arasında sonuncu söz savaşı sayılır.

Atambaev oktyabrın 27-də deyib ki, qırğız-qazax sərhədində davamlı məhdudiyyətlər Bişkekin bir neçə keçmiş sovet respublikasını birləşdirən Avrasiya İqtisadi Birliyi (AİB) sarıdan ümidlərinin “çox yüksək olduğunu” göstərir.

“Böyüklüyündən asılı olmayaraq, bir nəfərin şıltaqlığına bağlı birlik möhkəm ola bilməz”, – deyən Atambaev açıq-aşkar qazaxıstanlı həmkarı Nursultan Nazarbaev-ə işarə edib. AİB-i Rusiya və Belarus prezidentləri ilə birlikdə Nazarbaev yaradıb.

YOXLAMALAR TƏNQİDDƏN SONRA BAŞLANDI

Qırğızıstan sərhəddə piyadaların, avtomobillərin, yük maşınlarının yaratdığı uzun növbələrə görə Qazaxıstanı suçlayır. Oktyabrın 10-dan Qazaxıstan tərəf sərhəddə yoxlamaları gücləndirib.

Bu yoxlamalardan öncə isə Atambaev Qazaxıstanı Qırğızıstanda 15 oktyabr prezident seçkisi kampaniyası müdaxilədə günahlandırmış, Nazarbaev-i uzun müddət hakimiyyətdə qaldığına görə tənqid etmişdi. Di gəl, qazaxıstanlı rəsmilər sərhəd yoxlamaları arxasında hər hansı siyasi motivin durmadığını deyirlər.

Atambaev bu günlərdə deyib ki, qırğız ixracatçıların sərhəddə üzləşdiyi problemlər ucbatından o, hökumətə kənd təsərrüfatı məhsullarının Özbəkistan və Çinə ixrac yollarını araşdırmaq göstərişi verəcək.

AİB-də Rusiya və Qazaxıstan dominantlıq edir. Ancaq Atambaev açıq şəkildə deyib ki, Moskvanı tənqid etmir: “Qardaş Rusiya Qırğızıstanın etibarlı tərəfdaşı olub və belə də qalacaq”.