'Siyəzən məhbusları'nın məhkəməsində prokuror vaxt istəyib

Siyəzən hadisələri zaman;

Sumqayıt Apellyasiya Məhkəməsində Siyəzən hadisələri ilə bağlı həbs edilən şəxslərin şikayəti üzrə uzun zamandan bəri təxirə salınan məhkəmə prosesi oktyabrın 26-sı davam etdirilib.

Bu haqda AzadlıqRadiosu-na bu gün, oktyabrın 27-si iş üzrə vəkillərdən Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, apellyasiya şikayətinə hakim Nazim Mövsümovun sədrlik etdiyi məhkəmə kollegiyası baxır.

Proses zamanı “Siyəzən məhbusları”nın vəkilləri çıxış ediblər. Elçin Sadıqovun deməsinə görə, vəkillərdən Rafiq Quliyev çıxışında vurğulayıb ki, sosial problemlərə dinc etirazlarını ifadə edən vətəndaşların azadlıq hüququ əsassız məhdudlaşdırılıb. Vəkil Siyəzən olaylarına görə tutulan bütün şəxslərin azad edilməsini istəyib.

Buna da bax:​ Siyəzəndə qiymət artımına etiraz edənlərə hökm oxunub

Vəkil E.Sadıqov da çıxışında Siyəzən məhbuslarının hüquqlarının kobud pozuntusuna yol verildiyini bildirdiyini söyləyib. Deməsinə görə, məhkəmədən xahiş edib ki, bəraət qərarı verməklə həbs edilənlərin hüquqların pozuntusuna son verilsin.

Daha sonra məhkəmə kollegiyası dövlət ittihamçısına söz verib. Ancaq dövlət ittihamçısı çıxışdan ötrü məhkəmədən vaxt istəyib. Onun vaxt istəyi təmin edilib.

Məhkəmə kollegiyası prosesi noyabrın 22-nə təxirə salıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir

XATIRLATMA

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbi ilə yenidən aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb. Ancaq uzun müddət hüquq-müdafiə təşkilatları saxlananların hamısının müxtəlif inzibati cəzalardan sonra buraxıldığını zənn ediblər.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol verən 55 nəfər saxlanıb.

Quba Rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə bu il martın 29-da keçirilən prosesdə sözügedən 11 nəfərə hökm oxunmuşdu. Onlar cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhv etmə ), 221 (xuliqanlıq), 228 (qanunsuz silah saxlama) və 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər) maddələri ilə ittiham edilib.

Bundan başqa, onlara 234 (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə) kimi maddələrlə də ittiham verilib. Məhkəmə hökmünə əsasən, Müslüm Əzimov, Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev və Nizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilib.