Vəkil: ‘Ülvi Həsənliyə qarşı qeyri-insani, alçaldıcı rəftara yol verilib’

Ülvi Həsənli

“NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənlini hazırda N saylı hərbi hissədə saxlayırlar”.

Bunu AzadlıqRadiosu-na onun vəkili Elçin Sadıqov bildirib.

Ü.Həsənlinin andiçməyə qədər həmin hərbi hissədə saxlanılacağını deyən vəkilin iddiasına görə, o, insan ləyaqətini alçaldan rəftara, işgəncəyə məruz qalıb. Bununla bağlı artıq, məhkəməyə müraciət edilib.

“Ülvi Həsənli dünən oktyabrın 26-sı saxlanıb hərbi hissəyə aparılıb. Ona qarşı qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə yol verilib. Bununla bağlı bu gün, oktyabrın 27-si məhkəmə nəzarəti qaydasında Bakı Hərbi Məhkəməsinə şikayət vermişəm”, – vəkil bildirib.

Buna da bax:​ NİDA-çı gəncin cəbhə bölgəsinə aparıldığı deyilir

Elçin Sadıqovun sözlərinə görə, məhkəmədən Ülvi Həsənlinin iştirakının təmin edilməsini istəyib.

İctimai-siyasi fəal gənclərin birliyi olan NİDA Hərəkatının fəalı Ülvi Həsənlinin oktyabrın 26-sı hərbi xidmətə aparıldığı bildirilirdi. Bununla bağlı hərəkat məlumat yaymışdı.

Məlumatda qeyd edilirdi ki, müayinədən ötrü getdiyi xəstəxanada onu hərbi polis saxlayıb. Onun xəstəxanadan hərbi hissələrdən birinə aparıldığı iddia olunurdu.

Hərəkat bəyan etmişdi ki, Ü.Həsənlinin hərbi xidmətdən 2019-cu ilədək möhlət hüququ olub.

Əlaqəli rəsmi qurumlar Ü.Həsənlinin hərbi xidmətə aparılması və işgəncəyə məruz qalması ilə bağlı vəkilinin açıqlamasına, hələ ki, cavab vermir.

NİDA Hərəkatı ictimai-siyasi fəal gənclərin birliyidir.

Təşkilatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir. Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.